...

Azərbaycanda ədliyyə orqanlarının elektron xidmətlərinin dairəsi genişləndirilir

Cəmiyyət Materials 7 İyul 2011 14:01 (UTC +04:00)
Azərbaycanda ədliyyə orqanlarının elektron xidmətlərinin dairəsi genişləndirilir.
Azərbaycanda ədliyyə orqanlarının elektron xidmətlərinin dairəsi genişləndirilir

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycanda ədliyyə orqanlarının elektron xidmətlərinin dairəsi genişləndirilir.

Trend-in məlumatına görə, Ədliyyə Nazirliyinin kollegiya iclasında müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsi, internet saytda elektron xidmətlərlə bağlı xüsusi bölmənin yaradılması, xarici ölkələrin təcrübəsinin öyrənilməsinə dair əlavə tapşırıqlar verilib.

Bununla bağlı ədliyyə orqanları tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi məqsədilə universal elektron xidmət köşkləri hazırlanaraq 1 iyul tarixindən etibarən sınaq rejimində bir sıra yerli qurumlarda istifadəyə verilib.

Həmin köşklər vasitəsilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə əlaqədar, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədlər, həmin sənədləri verən orqanlar, iştirak edən şəxslər, ödənişlər və onlardan azadolmalar barədə məlumatları öyrənə, eyni zamanda, zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilərlər.

Köşklərdə quraşdırılmış elektron ödəmə sistemi həmçinin banka bilavasitə müraciət etmədən bütün növ ödənişlərin istər kart, istərsə də nağd şəkildə həyata keçirilməsini və müvafiq qəbzin avtomatlaşdırılmış qaydada alınmasını mümkün edir. Yüksək surətlə internet şəbəkəsinə qoşulma nəticəsində vətəndaşlar üçün köşklər vasitəsilə nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciət etmək imkanı da yaradılıb.

Nazirlikdən bildirilib ki, bu təcrübənin tətbiqi şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə yanaşı, vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti