...

Bu il Azərbaycanda yeyinti sahəsi üzrə 113 müəssisənin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 13 İyul 2011 11:26 (UTC +04:00)
Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin yanvar-iyun ayları ərzində yeyinti sahəsində işləyən 234 sahibkarı inzibati qaydada cərimələyib.
Bu il Azərbaycanda yeyinti sahəsi üzrə 113 müəssisənin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin yanvar-iyun ayları ərzində yeyinti sahəsində işləyən 234 sahibkarı inzibati qaydada cərimələyib. Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər.

Ötən müddətdə 113 müəssisənin fəaliyyəti dayandırılıb, 52 nəfər işdən kənarlaşdırılıb.

Abdullayev bildirib ki, bu il 1666 ərzaq nümunəsi bakterioloji, 3027 qida nümunəsi isə fiziki-kimyəvi göstəricilərinə görə müayinə olunub.

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 358 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 433 nəfər zəhərlənib.

Zəhərlənmə hallarının 18-i botulizm hadisəsidir. Botulizm nəticəsində 36 nəfər zəhərlənib, onlardan 1-i dünyasını dəyişib.

Yalnız iyun ayı ərzində 106 qida zəhərlənməsi baş verib, nəticədə 115 nəfər zəhərlənmədən zərər çəkib.

Abdullayev deyib ki, bu il baş vermiş bütün zəhərlənmə hadisələri yalnız məişət şəraitində hazırlanmış məhsullardan baş verib. İctimai-iaşə və ticarət müəssisələrinin qidalarından isə zəhərlənən olmayıb.

Abdullayev bu il əvvəlki illərə nisbətən daha az zəhərlənmə halalrının baş verdiyini söyləyib.

Ötən il Azərbaycanda 644 qida zəhərlənməsi hadisəsi baş vermişdi. Bu hadisələr nəticəsində 768 nəfər zəhərlənib. Zəhərlənmə nəticəsində 2 nəfər dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti