...

Azərbaycan ombudsmanı məhkəmələri uşaqların maraqlarını qorumağa çağırıb

Cəmiyyət Materials 21 İyul 2011 12:03 (UTC +04:00)
Azərbaycan ombudsmanı məhkəmələri ailə problemləri ilə bağlı işlərə baxarkən uşaqların maraqlarını qorumağa çağırıb.
Azərbaycan ombudsmanı məhkəmələri uşaqların maraqlarını qorumağa çağırıb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı məhkəmələri ailə problemləri ilə bağlı işlərə baxarkən uşaqların maraqlarını qorumağa çağırıb.

"Məhkəmələr ailə problemləri ilə bağlı işlərə baxarkən uşaqların maraqlarını qorumalı, yerli və beynəlxalq normativ aktlara diqqət yetirməlidirlər. Bu işlərə baxılarkən ən çox pozuntular prosedur qaydalarının pozulması, süründürməçilik halları, işlərə vaxtında baxılmaması, məhkəmənin əsassız olaraq şikayətçidən ərizəni qəbul etməməsi, məhkəmə iclasının vaxtı barədə tərəflərin vaxtında məlumatlandırılmamasıdır", - Trend-in məlumatına görə, cümə axşamı "Azərbaycan ailələrinin mövcud problemlərinin həllinə yönəlmiş qanunvericilik bazası və onun təkmilləşdirilməsi prespektivləri" mövzusunda keçirilən "dəyirmi masa"da ombudsman Elmira Süleymanova deyib.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin iştirakı ilə keçirilir.

Tədbirdə çıxış edən deputat Əli Hüseynli deyib ki, qadının zəif cinsin nümayəndəsi olması onlara qarşı daha güzəştli, daha humanist şərait yaradılmasını tələb edir.

"Azərbaycanın əmək, ailə, cinayət və mülki qanunvericiliyi qadınlara münasibətdə kifayət
qədər humanist mövqedədir. Ailə Məcəlləsində nikahdan öncə tərəflərin nikah müqaviləsi bağlaması və tərəflərin tibbi müayinədən keçməsi barədə müddəalar var. Tibbi müayinə pulsuz həyata keçirilməlidir. Cinayət qanunvericiliyimiz ağır və xüsusilə ağır cinayətlərə görə qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini qadağan edir. Qadın hüquqlarının müdafiəsi istiqamətində Milli Məclis tərəfindən məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbul edilməsini də qeyd etmək lazımdır", - Hüseynli bildirib.

Xəbər lenti

Xəbər lenti