Azərbaycan, Bakı, 21 iyul /Trend/
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Türkiyənin Azərbaycanda səfərdə olan bir sıra tanınmış qəzetlərinin əməkdaşları Tovuz rayonunda olublar. Jurnalistlər "Milliyet", "Hürriyet", "Zaman", "Today's Zaman", "Habertürk", "Radikal" qəzetlərini təmsil edirlər.
Trend-in məlumatına görə, əvvəlcə türkiyəli jurnalistlər qədim tarixə malik Tovuz qalasına baş çəkiblər. Burada onlara Tovuz qalası, ümumiyyətlə, Azərbaycanın tarixi barədə məlumat verilib. Sonra türkiyəli jurnalistlər Tovuzun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndində olublar.
Burada türkiyəli jurnalistlərə Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilib və bildirilib ki, Ağdam kəndinin sakinləri neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər. Səbəbi isə hər an onların ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qalmasıdır.
"Today's Zaman" qəzetinin əməkdaşı Abdullah Bozqurt bildirib ki, Azərbaycan həqiqətləri, azərbaycanlıların necə yaşadıqlarını eşitmək başqa, gözlə görmək tamam başqadır.
"Bu kəndin insanları öz ata-baba yurdlarında yaşayırlar. Bura onların öz torpaqlarıdır. Ona görə də bütün çətinlikləri, məhrumiyyətləri göz önünə alaraq buranı tərk etmək istəmirlər. Bu, bizi çox təsirləndirdi. Təkcə bu kəndi, bu bölgəni qoruyan əsgərlər deyil, eyni zamanda, buranın insanları da bir qəhrəmanlıq nümunəsi göstərirlər. Biz çox istəyirik və çox ümid edirik ki, tezliklə bu problem, münaqişə ədalətlə həll olunacaq və azərbaycanlı qardaşlarımız sülh və əmin-amanlıq şəraitində öz həyatlarını sürəcək, gündəlik işləri ilə məşğul olacaqlar", - o deyib.
Millət vəkili Qənirə Paşayeva da ümid etdiyini bildirib ki, qardaş ölkədən Azərbaycana gələn jurnalistlər burada gördüklərini öz ölkələrinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaq, türk insanını daha müfəssəl şəkildə məlumatlandıracaqlar.