...

Azərbaycanın yeniyetmə kayak və kanoeçiləri dünya çempionatında mübarizəyə başlayır

Cəmiyyət Materials 28 İyul 2011 19:34 (UTC +04:00)
İyulun 29-da Almaniyanın Brandenburq şəhərində yeniyetmələr arasında kayak və kanoe üzrə dünya çempionatı start götürəcək.
Azərbaycanın yeniyetmə kayak və kanoeçiləri dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan, Bakı, 28 iyul /Trend/

İyulun 29-da Almaniyanın Brandenburq şəhərində yeniyetmələr arasında kayak və kanoe üzrə dünya çempionatı start götürəcək. Üç gün davam edəcək yarışda rekord sayda - 64 ölkədən 650-dək idmançı mübarizə aparacaq. Dünya birinciliyində Azərbaycan milli komandası baş məşqçi Aleksandr Kolıbelnikov və məşqçi İsfəndiyar Cəfərovun rəhbərliyi altında 4 kayakçı və 4 kanoeçi ilə mübarizə aparacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, kayakçıların mübarizəsində 2 nəfərlik qayıqla (K-2) çıxış edəcək Yasin Əhmədov - Amil Hüseynli dueti 1000 metr, Tamerlan Mustafayev - Rüfət Vəlizadə dueti isə 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaqlar. Mustafayev 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə də qüvvəsini sınayacaq.

Kanoeçilərin yarışında 1 nəfərlik qayıqla (C-1) mübarizə aparacaq Radoslav Kutsev 1000 metr, 2 nəfərlik (C-2) qayıqla çıxış edəcək Aleksey Kuçer 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. 2 nəfərlik qayıqla (C-2) daha bir cütlüyümüz də yarışacaq. Aleksey Kupin - İqor Delistianov dueti 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayacaqlar.

Yeniyetmə kayak və kanoeçilərimiz dünya çempionatına Polşada hazırlaşıblar. Onlar bir neçə turnirdə, o cümlədən 28 iyun - 3 iyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında mübarizə aparıblar. Qitə birinciliyində ən yaxşı nəticəni kanoeçilərimizdən Aleksey Kupin - İqor Delistianov dueti göstərib. Onlar 500 metr və 1000 metr məsafələrə yürüşlərdə finala çıxaraq 5-ci olublar. Bundan başqa, kanoeçimiz Radoslav Kutsev 1000 metr, Tamerlan Mustafayev - Rüfət Vəlizadə dueti isə 500 metr məsafəyə yürüşdə finaladək irəliləyib. Kutsev 7-ci, Vəlizadə - Mustafayev dueti 9-cu yerlə kifayətlənib.

Xəbər lenti

Xəbər lenti