...

Azərbaycanın su təchizatı üzrə layihə həyata keçirilərkən 15-20 illik hədəf nəzərə alınır - "Azərsu" sədri

Cəmiyyət Materials 4 Avqust 2011 12:53 (UTC +04:00)
Su təchizatı üzrə layihə həyata keçirilərkən gələcək 15-20 illik hədəf nəzərə alınır. Trend-in məlumatına görə, bu barədə AZTV-yə müsahibəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.
Azərbaycanın su təchizatı üzrə layihə həyata keçirilərkən 15-20 illik hədəf nəzərə alınır - "Azərsu" sədri

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/

Su təchizatı üzrə layihə həyata keçirilərkən gələcək 15-20 illik hədəf nəzərə alınır. Trend-in məlumatına görə, bu barədə AZTV-yə müsahibəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərini su ilə təmin edən kəmərlərin istismar müddətini başa vurması ilə yanaşı, həmin kəmərlərin ötürdüyü suyun həcmi də nəzərdə tutulduğundan yüksəkdir.

"Son illərdə Bakı şəhərinin sürətli inkişafı suyun həcmi ilə istehlakçıların tələbatı arasında uyğunsuzluq yaradıb. Bu gün əhalinin su təminatının tamamilə yaxşılaşdırılması üçün Bakı daxilində yeni kəmərlərin inşasına başlamalıyıq və artıq bu istiqamətdə işlər aparılır", - Hüseynov əlavə edib.

Onun sözlərinə görə, Maştağa istiqamətində gələn iki xəttin imkanları ilə tələbat arasında uyğunsuzluq var və bu uyğunsuzluğu aradan qaldırmaq üçün yeni paylayıcı şəbəkələr yaradılmalıdır.

"Hazırda Yasamal və Səbail rayonlarında əhalinin 85 faizi, Nəsimi, Nərimanov və Binəqədidə 75 faizə qədəri, Nizami və Xətai rayonlarında isə 50 faizə qədəri daimi su alır. Belə deyək ki, Oğuz-Qəbələ-Bakı xətti ilə birbaşa qidalanmaya qoşduğumuz şəbəkələrin əksər hissəsində daimi su təchizatı var. Təbii ki, fasiləsizliyin 100 faizə çatdırılması bizim hədəfimizdir və cənab prezident İlham Əliyev "Azərsu" qarşısında konkret olaraq bu hədəfi qoyub. Hədəf çox sadədir: Azərbaycan əhalisi 24 saat təmiz və keyfiyyətli su ilə təmin olunmalıdır. Lakin bunun yerinə yetirilməsi kifayət qədər gərgin əmək tələb edir", - Hüseynov qeyd edib.

Hazırda Abşerona 4 mənbədən - Xaçmaz, Kür, Ceyranbatan və Oğuz xətlərindən ümumilikdə saniyədə 22,5 kubmetr su nəql olunur. Bunun 15,5 kubmetri Bakı şəhərinə daxil olur, yerdə qalanı isə magistral kəmərlər boyu yaşayış məntəqələrinə verilir.

Xəbər lenti

Xəbər lenti