...

Cəzaçəkmə müəssisələrində gənc məhkumlara psixoloji dəstək layihəsinin icrasına başlanılıb

Cəmiyyət Materials 2 Sentyabr 2011 11:32 (UTC +04:00)
Cəzaçəkmə müəssisələrində gənc məhkumlara psixoloji dəstək layihəsinin icrasına başlanılıb.
Cəzaçəkmə müəssisələrində gənc məhkumlara psixoloji dəstək layihəsinin icrasına başlanılıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Cəzaçəkmə müəssisələrində gənc məhkumlara psixoloji dəstək layihəsinin icrasına başlanılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə "Gənc məhkumlara psixoloji dəstək" layihəsinin icrasına başlayıb.

Penitensiar Xidmətin iştirakı ilə 3 ay müddətinə davam edəcək layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirilməsindən ibarətdir.

Layihə çərçivəsində 2 istiqamətdə iş aparılır.

İlk olaraq 20 nəfər gənc psixoloq üçün penitensiar psixologiya üzrə xüsusi təlim kursları təşkil edilib.

Bu kurslarda məhkumun psixoloji portreti və məhkum şəxsiyyətinin xüsusiyyətləri, məhkum qrupunun sosial-psixoloji xüsusiyyətləri, cəzaçəkmə müəssisələrində ünsiyyət, məhkumların fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodları, psixodiaqnostika və korreksiya işinin planlaşdırılması, cəza müddəti sona yetmiş şəxsin azadlıq şəraitinə adaptasiyasının sosial-psixoloji problemləri, məhkumlarla işləyən heyətlə həyata keçirilən psixoloji fəaliyyət kimi mühüm mövzular tədris olunub.

İkinci istiqamət olaraq, cəzaçəkmə müəssisələrində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarların keçirilməsinə başlanılıb.

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin dəstəyi ilə artıq 4, 6, 10, və 11 saylı cəzaçəkmə müəssisələrində və Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində psixoloji seminarlar təşkil edib.

Hər müəssisədə ilk olaraq məhkumlar, ikinci pillədə müəssisə əməkdaşları üçün psixoloji seminarlar keçirilir.

Bu seminarlarda penitensiar psixologiya sahəsində peşəkar psixoloqla yanaşı, layihənin birinci mərhələsində penitensiar psixologiya sahəsində hazırlanmış gənc psixoloqlar da iştirak edirlər.

Cəzaçəkmə müəssisələrində psixoloji seminarların keçirilməsi həm məhkumların psixoloji reabilitasiyası işinin aparılması, həm də gənc psixoloqların məhkumlarla psixoloji işin aparılmasında praktiki vərdişlərə yiyələnmələri üçün şərait yaradılması məqsədi daşıyır.

Penitensiar Xidmətin tabeçiliyində olan daha 5 müəssisədə seminarlar keçirilməsi nəzərdə tutulub.

Layihənin yekunu olaraq "Gənc məhkumlarla psixoloji işin təşkili" mövzusunda "dəyirmi masa" keçiriləcək.

Tədbirdə gənc məhkumların psixoloji yardım almaq hüquqlarının təminatı vəziyyəti, layihənin yekunları müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti