Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Avqust ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə 94 müraciət daxil olub. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Nazirliyin 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i (539-18-63, 538-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanunpozmalar və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
İbrahimova deyib ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 16 müraciət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 7 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb. 8 müraciət öz təsdiqini tapmayıb, 1 müraciət isə icradadır.
Ağacların aşma təhlükəsi ilə əlaqədar daxil olmuş 42 müraciətə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanması və meşələrin qanunsuz qırılması ilə əlaqədar daxil olmuş 36 müraciətdən 13-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 6 müraciət icradadır. 17 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
Avqustda Ekologiya Nazirliyinin "Qaynar xətt"inə 94 müraciət daxil olub
Avqust ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə 94 müraciət daxil olub. Bu barədə çərşənbə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.