...

"Təmiz hava" aylığı çərçivəsində 1500-dən artıq sürücü cəzalandırılıb

Cəmiyyət Materials 14 Sentyabr 2011 14:37 (UTC +04:00)
Azərbaycanda keçirilən "Təmiz hava" aylığı çərçivəsində 1566 sürücü inzibati məsuliyyətə cəlb edilib.
"Təmiz hava" aylığı çərçivəsində 1500-dən artıq sürücü cəzalandırılıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda keçirilən "Təmiz hava" aylığı çərçivəsində 1566 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, avqustun 1-dən sentyabrın 1-dək keçirilən aylıq çərçivəsində 5 min nəqliyyat vasitəsi yoxlanılıb.

İdarə etdiyi nəqliyyat vasitəsinin ixrac etdiyi dəm qazında zərərli maddələr normadan artıq olduğu üçün 1566 sürücü İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsi ilə 20-30 manat məbləğində cərimə edilib.

Yoxlanılan avtomobillər sırasında hüquqi və fiziki şəxslərə məxsus avtomobillər də olub.

İdarə sözçüsü bildirib ki, ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istismara buraxılması İXM-nin 80.2-ci maddəsi ilə inzibati məsuliyyət yaradır.

Bu pozuntuya yol vermiş fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək, hüquqi şəxslər 7500 manatdan 10 000 manatadək miqdarda cərimə edilir.

Aylıq ərzində avtomobillər mühərriklərin hərəkəti zamanı ixrac edilən dəm qazının tərkibində normadan artıq zərərli maddələrin olmasını aşkar edən xüsusi cihazların köməyi ilə yoxlanılıb.

Aylıq ərzində hüquqi şəxslərə məxsus avtomobillərin təsərrüfat qarajlarında reydlər təşkil edilib.

Xəbər lenti

Xəbər lenti