...

Erməni sərhədçilərin Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinə müdaxiləsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 16 Sentyabr 2011 17:13 (UTC +04:00)
Gürcüstan tərəfi Ermənistan sərhədçilərinin azərbaycanlılar yaşayan kəndlərə müdaxilə etməsi məsələsinə aydınlıq gətirib.
Erməni sərhədçilərin Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinə müdaxiləsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir T.Hacıyev/

Gürcüstan tərəfi Ermənistan sərhədçilərinin azərbaycanlılar yaşayan kəndlərə müdaxilə etməsi məsələsinə aydınlıq gətirib.

"Sadaxlı, Burma və Təzəkənd kəndlərində Gürcüstan dövlətinin polisi, sərhəd qoşunları və digər qurumları fəaliyyət göstərir. Heç kim kənardan gəlib bu kənddə artıq-əskik hərəkət edə bilməz", - bu barədə cümə günü Trend-ə Gürcüstanın Kvemo-Kartli quberniyasının qurbernator müavini Hüseyn Yusifov Ermənistan sərhədçilərinin bu kəndlərin sakinlərinin həyatına müxadilə etməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

O qeyd edib ki, Gürcüstanla Ermənistan arasında olan sərhəd xəttini xüsusi komissiya müəyyənləşdirir.

"O torpaqlar tək Sadaxlı, Burma və Təzəkənd kəndinin torpağı deyil, eyni zamanda, Gürcüstan torpağıdır. Gürcüstan öz torpağının heç bir milli metrini belə, heç kimə verəsi deyil", - o vurğulayıb.

Yusifov bildirib ki, Sadaxlıda 18 minə yaxın əhali yaşayır və bu əhalinin içməli suyu əvvəllər Ermənistan ərazisindən gəlirdi, bulağın mənbəyi Ermənistan ərazisində idi. Ona görə də müvafiq razılaşma, ərazilərin dəyişdirilməsi vasitəsilə bulağın mənbəyi Gürcüstan ərazisinə keçirilib.

Bu günlərdə Gürcüstanda dərc edilən "Kviris Palitra" qəzetində Gürcüstanın Ermənistanla sərhəddə yerləşən Sadaxlı, Burma, və Təzəkənd kəndlərinin sakinlərinin məktubu dərc olunub. Məktubda göstərilib ki, onlar silahlı erməni sərhədçilərin qarşısında tam şəkildə müdafiəsiz qalıblar.

Qeyri-rəsmi statistikaya görə, hazırda Gürcüstanda 500 mindən artıq azərbaycanlı yaşayır.

Qeyd olunan məsələyə münasibət bildirən Azərbaycan Parlamentinin deputatı, professor Musa Qasımlı Gürcüstan hökumətini Ermənistanla sərhəddə yaşayan azərbaycanlıların problemlərinə həssas yanaşmağa çağırıb.

"Gürcüstanda yaşayan azərbaycanlılar bizim soydaşlarımızdır, qardaş və bacılarımızdır, ancaq eyni zamanda Gürcüstanın vətəndaşlarıdır. Deməli, onların təhlükəsizliyini təmin etmək ilk növbədə Gürcüstan dövlətinin vəzifəsidir. Çünki ora siyasi cəhətdən Gürcüstanın ərazisidir və Gürcüstan ərazisinə qarşı edilən hər hansı hücumun qarşısını Gürcüstan hökuməti almalıdır. Gürcüstan hökuməti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir", - Qasımlı deyib.

Millət vəkili, həmçinin onu da qeyd edib ki, ermənilərin Gürcüstan ərazilərində yaşayan azərbaycanlılar yaşayan kəndlərə hücum etməsi, onların mal-qarasını aparması, onları incitməsi yeni bir hadisə deyil.

"Hələ 1918-ci ildə bu ərazilər üstündə mübahisələr gedən zaman erməni silahlı dəstələri Borçalıya tez-tez hücum edirdilər. İnsanları, dinc əhalini öldürürdülər, var-dövlətini talayıb aparırdılar, mülklərini daşıyırdılar. Azərbaycanlılara qarşı törədilən soyqırımın coğrafi ərazilərindən biri də Borçalı olub. Azərbaycan və Gürcüstan dövlət müstəqilliklərini bərpa etdikdən sonra Gürcüstan ərazisində yaşayan azərbaycanlılar yenidən Ermənistan tərəfindən hücumlara məruz qalıblar", - Qasımlı əlavə edib.

Onun sözlərinə görə, 1990-ci illərin əvvəllərində və ortalarında bu faktlara tez-tez rast gəlinirdi.

"Ermənilərin azərbaycanlıların mal-qarasını aparması və onları öldürməsi ilə bağlı azərbaycanlıların Gürcüstan hökumətinə müraciətləri də var idi. Bu, hətta bir zaman diplomatik yazışmaların mövzusu da olmuşdu", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti