...

Mətbuat Şurası daha 3 qəzetin adını "qara siyahı"ya salıb (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2011 19:04 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyinə 6 məsələ daxil edilib.
Mətbuat Şurası daha 3 qəzetin adını "qara siyahı"ya salıb (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bazar ertəsi Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyinə 6 məsələ daxil edilib.

Şurada Trend-ə verilən məlumata görə, gündəlikdə duran ilk məsələnin müzakirəsi ilə bağlı MŞ sədri Əflatun Amaşov bildirib ki, Mətbuat Şurası Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə oktyabrın 27-30-u aralığında Bakıda Türkdilli Xalqların II Media Forumunu keçirmək niyyətindədir. Amaşov bunun üçün artıq Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin səfirliklərinə məktublar göndərildiyini vurğulayıb.

İclasda foruma hazırlıq üzrə MŞ İdarə Heyətinin üzvlərindən ibarət Təşkilat Komitəsi yaradılıb.

Müzakirə edilən ikinci məsələ "Dövlət müstəqilliyimiz və media" mövzusunda ümumrespublika konfransına hazırlıq olub. Amaşov deyib ki, Mətbuat Şurasının Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə təşkil edəcəyi konfransın oktyabrın ilk ongünlüyündə keçirilməsi nəzərdə tutulur. MŞ sədri bildirib ki, milli müstəqilliyimizin qazanılmasında müstəsna xidmətləri olan kütləvi informasiya vasitələrinin və jurnalistlərin fəxri diplomlarla, mükafatlarla təltifi plaşlaşdırılıb.

Gündəlikdə duran növbəti məsələ Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının, həmçinin Şuranın "apellyasiya qrupu"nun rəyləri əsasında qərarların qəbulu olub.

İlk olaraq Şikayətlər üzrə Komissiyanın "Azadlıq" qəzeti ilə bağlı rəyi müzakirə edilib. Bildirilib ki, bu nəşrdə Yeni Azərbaycan Partiyası ilə bağlı gedən mətbu materialda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra bəndlərinin tələblərinə sayğısız yanaşılıb. Buna görə də qəzetə təkzib, yaxud qarşı tərəfin mövqeyini əks etdirən məktubunun dərci tövsiyə olunub.

İclasda "Yeni Azərbaycan naminə" qəzeti ilə bağlı iki qərar çıxarılıb. Bunların birincisində nəşrin "Yeni Azərbaycan" qəzetinin loqosundan sui-istifadəyə yol verdiyi bildirilərək nəşrə belə praktikadan imtina tövsiyə olunub. Digərində isə iki il əvvəl təkzib verdiyi, üzr istədiyi bir məsələni olduğu kimi yenidən səhifəyə çıxartdığına görə qəzetə MŞ-nin xəbərdarlığı elan edilib.

"Yeni Tərtər", "Korrupsiya və dövlətçilik", "Yeni xəbər" qəzetləri, "Bölgəxəbər" internet portalı ilə bağlı qərarlarda isə bu KİV-lərin balans prinsipinin tələblərini gözləmədikləri nəzərə çatdırılıb.

"Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların qəbulu zamanı ilk olaraq "Xural" qəzeti ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, komissiya bu nəşrin adının Şuranın "qara siyahı"sına salınması üçün MŞ-nin Şikayətlər üzrə Komissiyasının rəyini və toplanmış materialları araşdırıb və məqbul qiymətləndirib. İH bunu nəzərə alaraq "Xural" qəzeti barədə xüsusi rəyin çıxarılmasını məqsədə müvafiq sayıb. Həmin rəyə əsasən nəşrin adı Şuranın "qara siyahı"sına daxil edilib.

İdarə Heyəti daha 2 mətbu nəşr haqqında da oxşar qərar çıxarıb. Bunlar "Qanun: izah və şərhlər" və "Azərbaycan gündəmi" qəzetləridir.

"Azad Azərbaycan", "Pressinq", "Tolerant Azərbaycan", "Qanun çərçivəsi", "Press inform", "Bizim Vətən" qəzetlərinin adlarının "qara siyahı"dan çıxarılması barədə qərara gəlinib.

Bu gün Azərbaycan Mətbuat Şurasının "apellyasiya qrupu"nun iclası da keçirilib. İclasda 21 qəzetin Mətbuat Şurasının "qara siyahı"sından adlarının çıxarılması ilə bağlı müraciətinə baxılıb. Qrupun sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə həmin mətbu orqanların müraciətləri ilə bağlı aparılan araşdırmalar barədə ətraflı məlumat verib.

İclasda bildirilib ki, bir qrup qəzetlər barədə Şuranın ictimai qınağı tətbiq olunduqdan sonra onlar haqqında quruma heç bir şikayət ünvanlanmayıb. "Apellyasiya qrupu"nun iclası fəaliyyətlərində dönüş yaratdıqları, MŞ-nin tövsiyələrindən nəticə çıxartdıqlarını nəzərə alaraq "Azad Azərbaycan", "Press inform", "Pressinq", "Qanun çərçivəsi", "Bizim Vətən" və "Tolerant Azərbaycan" qəzetlərinin adlarının MŞ-nin "qara siyahı"sından çıxarılması üçün təkliflərini Mətbuat Şurasının İdarə Heyətinə təqdim etməyi qərara alıb.

Təsisçisi və baş redaktoru vəfat etmiş "Kadr və tərəqqi" qəzeti barədə eyni rəyə gəlinib.

Xəbər lenti

Xəbər lenti