...

Azərbaycanda məhkumlar arasında ölüm halları azalıb

Cəmiyyət Materials 21 Sentyabr 2011 17:35 (UTC +04:00)
Penitensiar Xidmətin rəisi Mədət Quliyev ATƏT-in Bakı ofisinin Qanunun aliliyi şöbəsinin rəhbəri xanım Monika Martinez, hüquq məsələləri üzrə mütəxəssis Hans İnge Jorstad və hüquq məsələləri üzrə köməkçi Jalə Əzizovadan ibarət nümayəndə heyətini qəbul edib.
Azərbaycanda məhkumlar arasında ölüm halları azalıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev ATƏT-in Bakı ofisinin Qanunun aliliyi şöbəsinin rəhbəri xanım Monika Martinez, hüquq məsələləri üzrə mütəxəssis Hans İnge Jorstad və hüquq məsələləri üzrə köməkçi Jalə Əzizovadan ibarət nümayəndə heyətini qəbul edib.

Xidmətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşün məqsədi ATƏT-in nümayəndələri tərəfindən Penitensiar Xidmətin tabe qurumlarında keçirilmiş monitorinqlərin nəticələrini müzakirə etmək, əməkdaşlığın perspektivlərini müəyyənləşdirməkdən ibarət olub.

Nazir müavini qonaqlara Penitensiar Xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib.

O, ATƏT-in Bakı ofisi ilə Penitensiar Xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirib.

Qeyd olunub ki, ATƏT tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin Penitensiar Xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu var.

Görüşdə iştirak etmiş Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rafael Mehdiyev məhkumlara və təqsirləndirilən şəxslərə göstərilən tibbi xidmətin vəziyyətini şərh edərkən son dövrlərdə bu sahədə nəzərəçarpacaq nailiyyətlər əldə olunduğunu qeyd edib.

Xüsusilə vurğulanıb ki, penitensiar müəssisələrdə və istintaq təcridxanalarında müasir tibbi avadanlığın quraşdırılması, dərman preparatları ilə təchizatın yaxşılaşdırılması və cəza çəkənlərə tibbi xidmətin keyfiyyətinin artırılması nəticəsində məhkumlar arasında ölüm halları xeyli azalıb.

ATƏT-in Bakı ofisinin nümayəndələri Penitensiar Xidmətlə əməkdaşlığın səmərəli olduğunu qeyd ediblər.

Cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin təşkil olunması, cəza çəkənlərlə işçi heyəti arasında münasibətlər, məhkumların peşə təhsili, işçi personalın təlimi ilə bağlı bir sıra problemlərin həllinə dair suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti