...

Son 10 ildə Azərbaycana gələn əcnəbilərin sayı 2 dəfədən çox artıb

Cəmiyyət Materials 27 Sentyabr 2011 09:00 (UTC +04:00)
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 6 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 15 faiz artıb.
Son 10 ildə Azərbaycana gələn əcnəbilərin sayı 2 dəfədən çox artıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk 6 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 15 faiz artıb. Bunu çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov 27 sentyabr - Beynəlxalq Turizm Günü ilə bağlı verdiyi açıqlamasında bildirib.

Artım göstəricisinin Azərbaycanda turizm sektorunun inkişafını göstərdiyini deyən Aparat rəhbəri bildirib ki, ölkəmizə turistlər ən çox Rusiya, İran, Türkiyə və Gürcüstandan gəlir. Bu ilin birinci yarısı ərzində də sadalanan ölkələrin hər birindən Azərbaycana gələnlərin sayı artıb. İlin I yarısında Rusiyadan Azərbaycana gələnlərin sayı 20 faizə yaxın, Gürcüstandan gələnlərin sayı 14, İrandan gələnlərin sayı 14,4, Türkiyədən gələnlərin sayı isə 7 faiz çoxalıb.

Onun sözlərinə görə, 10 ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2 dəfədən çox artıb. 2001-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 767 min nəfər olduğu halda, 2005-ci ildə onların sayı 1 milyon 177 min, 2010-cu ildə isə 1 milyon 963 min nəfərə yüksəlib.

Qurbanov xatırladıb ki, Azərbaycanda qeyri-neft sahələri arasında turizm prioritet sahə kimi qəbul olunub. O, ölkədə turizmin inkişafı üçün müvafiq şəraitin yaradıldığını da söyləyib.

Nazirlik səlahiyyətlisi əlavə edib ki, hazırda turizm sahəsindən əldə edilən gəlirlərin yüksəldilməsi üçün dövlət tərəfindən çox ciddi, məqsədyönlü işlər aparılır.

"Mütəxəssislərin hesablamalarına görə, neftə qoyulan sərmayə 5-6 ildən sonra gəlir gətirirsə, turizmə qoyulan sərmayə artıq bir ildən sonra gəlir əldə etməyə imkan verir. Turizm onunla bağlı sahələrə - kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət və digər xidmət sahələrinə stimullaşdırıcı təsir göstərir", - Qurbanov qeyd edib.

O əlavə edib ki, hələ 2002-ci ildə Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən turizmin inkişafı ilə bağlı 2002-2005-ci illəri əhatə edən dövlət proqramı təsdiq olunub. Bu proqram çərçivəsində turizmin inkişafını təmin edən ilkin tədbirlər həyata keçirilib. Bu proqramın uğurla yerinə yetirilməsi Azərbaycanda turizmin inkişafının təməlinin qurulmasına imkan yaradıb.

Qurbanov ötən müddətdə Azərbaycanda yerləşdirmə obyektlərinin sayının artığını da bildirib. Onun sözlərinə görə, turizm sektorunda əsas şərtlərdən biri ölkəyə gələn turistləri yerləşdirmə obyektləri ilə təmin etməkdir. Ancaq Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəyə gələn turistlər üçün lazımi şərait yox idi. Həmin dövrdə xaricdən gələn turistləri dünya standartlarına cavab verməsə də, yalnız "İnturist" mehmanxanasında yerləşdirmək olardı.

Nazirliyin Aparat rəhbəri deyib ki, 2001-ci ildə Azərbaycanda 93 hotel və yerləşdirmə obyekti fəaliyyət göstərirdisə, 2010-cu ildə onların sayı artıq 499-a çatıb. Bu il Bakı və regionlarda istifadəyə veriləcək yeni hotellərin sayı 50-ə yaxındır.

"Bu, onu göstərir ki, Azərbaycanda turizm infrastrukturu güclənir. Çox yaxşı haldır ki, yeni açılan obyektlər dünya standartlarına cavab verir. Nəzərə alaq ki, Azərbaycanda son illər vacib tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsi üçün müvafiq infrastruktur və yerləşdirmə obyektləri yaradılmalıdır. Təbii ki, dövlət bununla bağlı müvafiq addımlar atır və onların nəticələri göz qabağındadır. Artıq Azərbaycana gələn turistlər müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını xüsusilə qeyd edirlər", - Qurbanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti