...

Bakıda inzibati məhkəmələrlə bağlı beynəlxalq seminar işə başlayıb

Cəmiyyət Materials 27 Sentyabr 2011 15:02 (UTC +04:00)
Bakıda inzibati məhkəmələrlə bağlı beynəlxalq seminar işə başlayıb.
Bakıda inzibati məhkəmələrlə bağlı beynəlxalq seminar işə başlayıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda inzibati məhkəmələrlə bağlı beynəlxalq seminar işə başlayıb.

Trend-in məlumatına görə, bu gün işə başlayan seminar "Ədalət mühakiməsinin müasir aktual problemləri - İnzibati ədalət mühakiməsi: təcrübə və problemlər" mövzusuna həsr olunub.

Seminarın keçirilməsində məqsəd inzibati məhkəmələr sahəsində milli və beynəlxalq təcrübənin bölüşdürülməsi və ədalət mühakiməsinin aktual problemlərinin müzakirə edilməsidir.

İki gün davam edəcək seminar Azərbaycan Hüquqşünasları Konfederasiyasının Məhkəmə-Hüquq Şurası, Beynəlxalq Hüquqşünaslar İttifaqı, Almaniya Federal Ali Məhkəməsinin Hakimlər və Prokurorlar Assosiasiyası, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu, Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı ofisi (ABA ROLI) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Konfederasiyanın rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Almaniya Federal Ali Məhkəməsinin vitse prezidenti Volfanq Şlik, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkov, Məhkəmə Hüquq Şurasının üzvü, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Azər Cəfərov seminarda açılış nitqi ilə çıxış ediblər.

Hüseynli bildirib ki, bu ilin yanvarından etibarən Azərbaycan hüquq sistemi üçün yeni olan qurum - inzibati məhkəmələr fəaliyyyətə başlayıb.

O, inzibati məhkəmələrin fəaliyyətini ölkəmizin iqtisadi baxımdan inkişafının indiki mərhələsində çox əhəmiyyətli hesab edib.

Seminarda "Hüququn aliliyi üzrə Bakı Forumu"nun 2012-ci ildə keçirilməsi məsələləsi də müzakirə olunacaq.

Beynəlxalq seminarda Almaniya Ali Məhkəməsinin hakimləri və prokurorları, Qazaxıstan və Rusiyanın Ali məhkəmələrinin, Ukrayna Ali İnzibati Məhkəməsinin, Moskva Arbitraj Məhkəməsinin hakimləri, Belarus Respublikasının Ali Məhkəməsinin sədri, Müstəqil Dövlətlər Birliyindən bir çox tanınmış hüquqşünaslar, xarici və yerli hakimlər də daxil olmaqla, ümumilikdə 80 hüquqşünas iştirak edir.

Xəbər lenti

Xəbər lenti