...

Prokuror 2 aprel məhbuslarından daha dörd nəfərə cəza istəyib

Cəmiyyət Materials 4 Oktyabr 2011 17:20 (UTC +04:00)
"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar 4 nəfərə prokuror cəza istəyib.
Prokuror 2 aprel məhbuslarından daha dörd nəfərə cəza istəyib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

"İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar 4 nəfərə prokuror cəza istəyib.

Nəsimi rayon məhkəməsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dövlət ittihamçısı Ülvi Quliyev və Əhəd Məmmədlinin hər birinin 4 il 6 ay, Elnur Məcidli və Rüfət Hacıbəylinin hər birinin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Quliyev və Məmmədli Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri, Məcidli və Hacıbəyli isə yalnız 233-cü maddə ilə ittiham olunurlar.

Özünü İctimai Palata adlandıran qurum bu il aprelin 2-də Bakının mərkəzində - Fəvvarələr meydanı və onun ətrafında icazəsiz aksiya keçirib.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, bir neçə gün öncə Səbail rayon məhkəməsinin hökmü ilə Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Fuad Qəhrəmanlıya isə himayəsində iki azyaşlı uşağının olması nəzərə alınmaqla 2 il müddətinə şərti cəza verilib.

Xəbər lenti

Xəbər lenti