Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir X.Murtuzayeva/
"L`Oreal" şirkətinin laboratoriyalarında saçların ağarmasına qarşı dərman hazırlanıb. Gündə bir həbin qəbulu ahıl yaşlaradək saçların öz təbii rənginin qorunub saxlanmasına imkan verir.
Trend-in məlumatına görə, alimlər dərmanın əlavə təsirlərə malik olmadığını iddia edirlər. Çünki həbin əsasını müxtəlif meyvələrin cövhəri təşkil edir.
"L`Oreal" şirkətinin bioloji kosmetika şöbəsinin rəhbəri Bruno Bernard hesab edir ki, formulu gizli saxlanılan qida əlavəsinə təkcə qadınlar deyil, kişilər arasında da böyük tələbat olacaq. Bununla yanaşı, o xəbərdarlıq edib ki, preparatı ilk ağ saç meydana gələnə kimi qəbul etməyə başlamaq lazımdır.
Şirkət preparatın artıq 2015-ci ildə sərbəst satışda olacağını vəd edir.
Xatırladaq ki, alimlərin bir müddət əvvəl ağ saçlarla mübarizə üsulunu tapdıqları barədə məlumat verilmişdi. Tədqiqatlar göstərib ki, saçın rənginə Wnt adlı xüsusi zülal təsir edir. Alimlər danışırlar ki, əgər Wnt genetik dəyişikliyə məruz qalarsa, saçların ağarması prosesini dayandırmaq mümkün olacaq. Bu cür təcrübə siçanlar üzərində uğurla sınaqdan keçib.