...

Pakistanın aparıcı qəzetlərində Azərbaycanın Müstəqillik Günü işıqlandırılıb

Cəmiyyət Materials 19 Oktyabr 2011 15:39 (UTC +04:00)
"The Nation" və "Pakistan Observer"in bugünkü saylarında Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə İslamabad şəhərində keçirilmiş tədbirlə bağlı materiallar dərc olunub.
Pakistanın aparıcı qəzetlərində Azərbaycanın Müstəqillik Günü işıqlandırılıb

Azərbaycan, Baki, 19 oktyabr /Trend/

Pakistanın aparıcı ingilisdilli qəzetlərindən olan "The Nation" və "Pakistan Observer"in bugünkü saylarında Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə İslamabad şəhərində keçirilmiş tədbirlə bağlı materiallar dərc olunub. Bu barədə çərşənbə günü Trend-ə səfirlikdən bildiriblər.

Ötən həftə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş jurnalist Zəfər Bəxtəvəri qələmə aldığı "Azərbaycanın müstəqillik günü qeyd olunub" başlıqlı məqalədə mərasim, habelə günün əhəmiyyəti barədə məlumat verib, müstəqilliyə gedən yolun qısa tarixini qeyd edərək Azərbaycan xalqının azadlığa qovuşmasının təsadüfi olmadığını, milli şüura və dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının milli azadlıq hərəkatlarının önündə getməklə digər türk-müsəlman xalqlarına örnək təşkil etdiyini oxucuların diqqətinə çatdırıb.

Müəllif forumda iştirakından, burada dünyada tanınmış siyasi və ictimai xadimlərin təşrif gətirməsindən, Türkiyə və Pakistanın Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinə malik olmasından bəhs edib, Dağlıq Qarabağ münaqişəsi haqqında fikir və mülahizələrini bölüşərək münaqişənin həllində ABŞ və Avropa İttifaqının Azərbaycanın ümidlərini doğrultmadığını ifadə edib.

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş "Pakistan Observer"in redaktor müavini, təcrübəli jurnalist Liyakat Turun yazdığı "Azərbaycanın müstəqillik günü: Bakıdakı qədim "Multan" sarayı Pakistan tacirlərinin yolunu gözləyir" sərlövhəli məqalənin giriş hissəsində Bakı şəhərinin tarixi Böyük İpək Yolunun üzərində olması və Pakistanla Qafqazı qovuşdurması, bu gün də iki dost ölkə arasında əlaqələrin inkişaf etməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanı tam səmimiyyətlə dəstəkləməsi barədə məlumat verilib.

Məqalədə Müstəqillik Gününə dair tədbirdə Azərbaycan və Pakistan arasında bərqərar olmuş dostluq münasibətlərindən, həmçinin Azərbaycanın Pakistandakı səfirinin burada mühüm faydalı əlaqələr qurmasından və Azərbaycan-Pakistan münasibətlərinin bütün sahələr üzrə inkişaf etməsindəki rolundan söz açılıb.

Xəbər lenti

Xəbər lenti