...

Azərbaycanda 3 kollec akkreditasiyadan keçdi

Cəmiyyət Materials 31 Oktyabr 2011 17:05 (UTC +04:00)
Təhsil Nazirliyi Astara Pedaqoji Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Mingəçevir Turizm Kollecinin akkreditə olunması barədə qərar qəbul edib.
Azərbaycanda 3 kollec akkreditasiyadan keçdi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Astara Pedaqoji Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Mingəçevir Turizm Kollecinin akkreditə olunması barədə qərar qəbul edib.

Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, Akkreditasiya Şurasının bu gün keçirilən növbəti iclasında hər üç məktəbin akkreditasiyasının nəticələri müzakirə olunub.

İclasda, həmçinin "Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar"a baxılıb.

İclasda Akkreditasiya Şurası kollec statusu üçün müəyyənləşdirilmiş meyarın müvafiq göstəriciləri üzrə tələb olunan 100 baldan Astara Pedaqoji Kollecinin 70, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 61, Mingəçevir Turizm Kollecinin 65 bal topladığını nəzərə alıb və onların hər üçünün fəaliyyətini "kafi" qiymətləndirib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edib.

Hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası aparılır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.
Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti