Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda QHT fəaliyyəti ilə bağlı hazırlanan "Peşə birlikləri haqqında" və "İctimai iştirakçılıq haqqında" yeni qanun layihələrinin çərşənbə axşamı ictimai təqdimatı keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tədbirdə "İctimai iştirakçılıq haqqında" qanun layihəsinin müzakirəsində bildirib ki, vətəndaş cəmiyyəti institutlarının əsas vəzifələrdən biri ictimai nəzarəti həyata keçirməkdir, ümummilli proqramların həyata keçirilməsində fəal
iştirakdır ki, bu da layihədə öz əksini tapır.
"Peşə birlikləri haqqında" qanun layihəsi ilə bağlı Quliyev deyib ki, bu qanun peşə birliklərinin fəaliyyətini tənzimləyəcək.
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunla bu məsələ tənzimlənsə də, peşə birliklərinin ayrıca qanunla öz fəaliyyətlərini qurmasına ehtiyac var", - millət vəkili deyib.
Onun sözlərinə görə, qanun layihələri bu yaxınlarda Prezident Administrasiyasına təqdim olunacaq.
Tədbirdə qeyd olunub ki, qanun layihələri hazırlanarkən beynəlxalq təcrübə və Azərbaycandakı reallıqlar nəzərə alınıb.
Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli peşə birlikləri ilə bağlı sənədin vacibliyini qeyd edərək deyib ki, istər idman, istərsə də mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatların fəaliyyətini birbaşa tənzimləyən qanun lazımdır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, vətəndaş cəmiyyəti kifayət qədər inkişaf yolu keçib və artıq insanlar peşə birlikləri formasında öz fəaliyyətlərini qurmaq istəyirlər.
"Bunun üçün müvafiq qanunun qəbulu zərurətə çevrilib", - Hüseynli qeyd edib.
Azərbaycanda QHT fəaliyyəti ilə bağlı qanun layihələrinin ictimai təqdimatı keçirilib
Azərbaycanda QHT fəaliyyəti ilə bağlı hazırlanan "Peşə birlikləri haqqında" və "İctimai iştirakçılıq haqqında" yeni qanun layihələrinin çərşənbə axşamı ictimai təqdimatı keçirilib.