...

Sabah Azərbaycanda Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışı olacaq (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2011 13:25 (UTC +04:00)
Sabah Azərbaycanda Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışı olacaq
Sabah Azərbaycanda Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışı olacaq (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 noyabr / Trend müxbir İ.İsabalayeva/

Noyabrın 2-4-də Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətinin təşkilatçılığı, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ətraf mühitin mühafizəsinə həsr olunmuş "Xəzər: Ətraf mühit üçün texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisi ("CTE-2011") keçiriləcək.

Bununla bağlı çərşənbə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilən mətbuat konfransında "ITE Group plc" şirkətinin icraçı direktoru Edvard Stroon bildirib ki, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri tədbir olan bu sərgidə ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunacaq. Sərginin keçirilməsində əsas məqsəd ölkənin ekoloji təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək vermək, habelə təbii ehtiyatların qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.

Sərginin meneceri Rəna Abutalıbova deyib ki, "CTE-2011" beynəlxalq sərgisində 13 ölkədən 75 şirkət və qurum iştirak edəcək. İştirakçılar arasında Azərbaycan, İsrail, Fransa, Türkiyə, Çexiya və digər ölkələrin nümayəndələri var. Almaniya və Latviya isə bu sərgidə öz milli qrupları ilə təmsil olunacaq. Sərgidə şirkətlər və dövlət strukturları ilə yanaşı, Azərbaycan ərazisində ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da iştirak edəcək.

Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcək.

"CTE-2011" sərgisi çərçivəsində noyabrın 3-də "Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları" mövzusunda konfransın da keçirilməsi nəzərdə tutulub.

ETSN-nin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttar-zadə isə Azərbaycanda ekologiya sahəsində bır sıra mühüm layihələrin həyata keçirildiyini deyib.

Onun sözlərinə görə, hazırda ölkənin müxtəlif ərazilərində sutəmizləyici qurğular quraşdırılmaqla əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olan içməli su ilə təminatı üçün işlər görülür. Səttar-zadə ölkə ərazisində bu işlərə 2007-ci ildən başlanıldığını da xatırladıb.

Xəbər lenti

Xəbər lenti