...

Azərbaycanda gənc istedadlı müəllimlərin ilkin siyahısı müəyyənləşib

Cəmiyyət Materials 4 Noyabr 2011 14:44 (UTC +04:00)
Azərbaycanda 35 yaşadək istedadlı müəllimlərin siyahısının hazırlanması yekunlaşmaq üzrədir.
Azərbaycanda gənc istedadlı müəllimlərin ilkin siyahısı müəyyənləşib

Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda 35 yaşadək istedadlı müəllimlərin siyahısının hazırlanması yekunlaşmaq üzrədir. Bu barədə cümə axşamı Trend-ə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib.

Onun sözlərinə görə, ilkin olaraq, siyahıya 300-ə qədər gənc müəllim daxil edilib.

"Amma biz verilən siyahını olduğu kimi qəbul etmirik. Onu rayonlar üzrə bir daha təhlil edirik. Bu təhlillərdən sonra müəyyənləşdiririk ki, həmin müəllimlərin hansı həqiqətən də istedadlı, yaradıcı qabiliyyətə malikdir. Hələ ki, bununla bağlı dəqiqləşdirmə aparılır", - Əhmədov deyib.

O əlavə edib ki, siyahıya daxil edilmiş istedadlı müəllimlər ölkənin müxtəlif bölgələrini təmsil edirlər.

Əhmədovun sözlərinə görə, həmin müəllimlər üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, onlara yaradıcı fəaliyyət üçün geniş imkanlar veriləcək. Bu məqsədlə təhsil nazirinin əmri ilə fəaliyyət planı təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti