...

Azərbaycanda irsi xəstəliyi olan uşaqların doğulmasının qarşısı alına bilər

Cəmiyyət Materials 29 Noyabr 2011 14:57 (UTC +04:00)
Azərbaycanda Molekulyar Genetik Laboratoriyanın yaradılması ilə irsi xəstəliyi olan uşaqların doğulmasının qarşısı alına bilər.
Azərbaycanda irsi xəstəliyi olan uşaqların doğulmasının qarşısı alına bilər

Azərbaycan, Bakı, 29 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda Molekulyar Genetik Laboratoriyanın yaradılması ilə irsi xəstəliyi olan uşaqların doğulmasının qarşısı alına bilər. Bunu çərşənbə axşamı Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda belə laboratoriya yoxdur. Assosiasiya rəhbəri bildirib ki, artıq icra müddəti başa çatmış 5 illik "Hemofiliya və talassemiya üzrə Dövlət Proqramı"nda Hemofiliya və Talassemiya xəstəliyi üzrə Tibbi Molekulyar Genetik Laboratoriyanın yaradılması nəzərdə tutulsa da, bu, həyata keçirilməyib.

"2011-2015-ci illər üzrə Tədbirlər Planı"na isə Tibbi Molekulyar Genetik Laboratoriyanın yaradılması məsələsi daxil edilməyib. Bu laboratoriyanın olması vacibdir. Bəzi özəl klinikalar deyirlər ki, belə laboratoriya bizdə var. Amma biz müraciət etdikdə cavab verirlər ki, genetik xəstəliyi yoxlaya bilmirik", - Hüseynova əlavə edib.

Onun sözlərinə görə, bu laboratoriya özəl deyil, dövlət müəssisəsində yaradılmalı və burada xidmətlər pulsuz olmalıdır. Çünki bu, millətin genetik fondunun sağlam olması üçün lazımdır. Hüseynova hesab edir ki, gələcəkdə xəstə uşaqların doğulmaması üçün bu laboratoriyada hər bir vətəndaş genetik müayinədən keçməlidir.

"Bu müayinələr nəticəsində bilinməlidir ki, əhalinin hansı qrupu risk qrupuna aiddir. Xəstə uşaqların doğulması riskini aşkar etmək lazımdır, amma belə laboratoriya Azərbaycanda yoxdur", - HXRA rəhbəri qeyd edib.

Hüseynovanın dediyinə görə, laboratoriya olmadığı üçün hazırda ölkədə genetik xəstəliyi olan şəxslərin sayı bilinmir.

İrsi xəstəliklərə şizofreniya, Daun sindromu, diabetin və nevroloji xəstəliklərin bəzi formaları, qan xəstəlikləri aiddir.

Xəbər lenti

Xəbər lenti