...

2015-ci ilədək İran əhalinin savadlılıq səviyyəsini 100 faizə çatdıracaq

Cəmiyyət Materials 16 Dekabr 2011 18:03 (UTC +04:00)
2015-ci ilədək İran əhalinin savadlılıq səviyyəsini 100 faizə çatdıracaq.
2015-ci ilədək İran əhalinin savadlılıq səviyyəsini 100 faizə çatdıracaq

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir T.Cəfərov/

2015-ci ilədək İran əhalinin savadlılıq səviyyəsini 100 faizə çatdıracaq. Bunu İran Təhsil Nazirliyinin YUNESKO-nun Bakıda keçirilən iclasında iştirak edən nümayəndəsi xanım Munirə Müvəhhidi cümə günü Trend-ə müsahibəsində bildirib.

"İranda savadlılıq səviyyəsinin inkişaf etdirilməsi istiqamətində çox böyük işlər görülüb və görülür. Belə ki, YUNESKO-nun hesabatına əsasən, İranda 1990-2000- i illər arasında savadlılıq səviyyəsi 86.3 faizdən 93.8 faizə qədər artıb", - Müvəhhidi deyib.

Xanım Müvəhhidinin sözlərinə görə, cari ildə İranın ali lideri Ayətullah Əli Xamneyi göstəriş verib ki, ölkədə savadlılıq səviyyəsi 100 faizə çatdırılmalıdır. Artıq ölkənin 2011-2015-ci illəri əhatə edən beş illik inkişaf planı çərçivəsində bu istiqamətdə tədbirlərin görülməsinə başlanılıb.

Müvəhhidi ölkənin təhsil müəssisələrində qızların təhsil alması üçün İran İslam İnqilabından sonra geniş şərait yaradıldığını deyib.

"1988-ci ildə İranın təhsil sisteminin proqramı hazırlandı. Həmin proqramda qızların təhsili proritet götürüldü və nazirliyə göstəriş verildi ki, qızların təhsilinə diqqət artırılsın", - xanım Müvəhhidi bildirib.

Onun sözlərinə görə, cari ildə ali məktəblərə qəbul olunan abituriyentlərin 61 faizini qızlar təşkil edib. Bu göstərici İranda qızların təhsilə cəlb olunmasına nə qədər önəm verildiyini göstərir.

O əlavə edib ki, ümumilikdə İranın təhsil strukturlarında çalışanların 60 faizdən çoxu qadınlardır.

İran KİV-lərinin məlumatına görə, cari tədris ili üçün bu ölkədə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak üçün 1 milyon 250 min nəfərdən çox abituriyent sənəd verib. Onlardan 600 min nəfəri ali məktəbə qəbul olub.

Xəbər lenti

Xəbər lenti