...

Təhsil Nazirliyi daha çox şikayət daxil olan rayonların adlarını açıqlayıb

Cəmiyyət Materials 10 Yanvar 2012 15:14 (UTC +04:00)
2011-ci ildə Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61) 30 124 müraciət daxil olub.
Təhsil Nazirliyi daha çox şikayət daxil olan rayonların adlarını açıqlayıb

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir İ.İsabalayeva/

2011-ci ildə Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61) 30 124 müraciət daxil olub. Trend-in çərşənbə axşamı nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin böyük əksəriyyəti - 28 893-ü (95,9 faiz) sorğu, 1231-i (4,09 faiz) isə şikayət xarakterlidir.

2010-cu illə müqayisədə 2011-ci il ərzində "Qaynar xətt" xidmətinə 2,3 dəfədən artıq müraciət daxil olub. Bütün sorğuların təxminən 70 faizi ümumi təhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar olub.

Şagirdlərin biliyinin qiymətləndirilməsi, IX və XI siniflərin sınaq və buraxılış imtahanlarının təşkili, keçirilməsi, nəticələrin öyrənilməsi ilə bağlı sorğular da çoxluq təşkil edib. Digər sorğularda bütün pillələr üzrə təhsilin təşkili və idarə edilməsi, xaricdə təhsil, müəllimlərin yaş senzi, dərs yükü, əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması və tanınması, məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqədar məsələlər öz əksini tapıb.

Şikayət xarakterli müraciətlər isə nazirliyin müvafiq şöbələri və aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.

Ötən il "Qaynar xətt" xidmətinə daxil olan şikayətlər məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə bağlıdır. Bu qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil müəssisələri ilə əlaqədardır.

Müraciətlərin əksər hissəsini Bakı, bir qismini isə Sumqayıt və Şirvan şəhərlərindən daxil olan müraciətlər təşkil edir. Eyni zamanda, Yardımlı, Goranboy, Abşeron, Gədəbəy, Şəki, Qəbələ, Saatlı, Şamaxı, Lerik, Lənkəran rayonlarından digər rayonlara nisbətən daha çox şikayət daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəbdaxili idarəetmədə yol verilən nöqsanlar və digər məsələlər öz əksini tapıb.

Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərdə əsasən uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri, qızdırılması və digər problemlərdən bəhs olunur. Bu müraciətlərin çoxu Bakı, Gəncə və Sumqayıt şəhərlərindən edilib.

Digər müraciətlərdə texniki peşə təhsili müəssisələrində tədris prosesinin təşkili və idarəolunması, şagirdlərin təqaüdlərinin və müəllimlərin əmək haqqının gecikdirilməsi və digər məsələlərdən bəhs olunur.

Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış və yay imtahan sessiyaları dövründə özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərin sayı dövlət ali və orta ixtisas məktəblərindən daxil olan ünvanlı şikayətlərdən daha çox olub. Fəaliyyəti dayandırılmış özəl ali təhsil müəssisələri tələbələrinin köçürülməsi ilə əlaqədar 2010-2011-ci tədris ilində də bir sıra şikayət xarakterli müraciətlər qəbul edilib.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan bütün müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində nöqsanı olanlar tənbeh edilib, töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub. İşində nöqsan aşkarlanmış təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra ümumi təhsil müəssisələrinin direktorlarına rəhbərlik etdikləri məktəblərdə mənəvi-psixoloji iqlimin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.

"Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə əsasən, Ağcəbədi rayonu Qiyamadinli kənd tam orta məktəbinin müəlliməsi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəlliməsi A.Əmrahovanın diplomlarının saxta olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Həmin müəllimlər işdən azad ediliblər. Eləcə də digər müraciətlər əsasında Bakı şəhərindəki 37 nömrəli məktəbin direktoruna xəbərdarlıq olunub, həmin məktəbin direktor müavininə və 153 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Digər müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində qaldırılmış məsələlər də həllini tapıb. Belə ki, İ.Əfəndiyev adına Elitar gimnaziyanın informatika müəlliminin şagirdlərin biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyi müəyyənləşdirilib və təhsil müəssisənin rəhbərliyi tərəfindən ona töhmət verilib. Digər bir müraciətin araşdırılması nəticəsində isə şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Xəzər rayonundakı 183 nömrəli məktəbin sinif rəhbərinə ciddi xəbərdarlıq edilib.

Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi şagirdin biliyinin qiymətləndirilməsində səhvə yol verdiyi üçün ona töhmət verilib.

İşdə yol verdikləri nöqsanlara görə bir neçə nəfərə inzibati cəza tətbiq edilib. Belə ki, Bakı şəhərindəki 74 nömrəli orta məktəbin müəlliminə töhmət, işə üzrsüz səbəbdən gəlmədiyinə görə 249 nömrəli orta məktəbin müəllimi ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib və digər inzibati cəza tədbirləri görülüb. Şikayət daxil olan digər təhsil müəssisələrinin rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti