...

Azərbaycanda dərnəyə gedən şagirdlərin sayını necə artırmaq olar?

Cəmiyyət Materials 26 Yanvar 2012 12:35 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə cəlb olunan şagirdlərin sayının artırılmasını vacib hesab edir.
Azərbaycanda dərnəyə gedən şagirdlərin sayını necə artırmaq olar?

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə cəlb olunan şagirdlərin sayının artırılmasını vacib hesab edir.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov cümə axşamı Trend-ə bildirib ki, hazırda şagirdlərin 25-30 faizi bu qurumun məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə cəlb olunub. Amma ibtidai sinif şagirdləri istisna olmaqla, yuxarı sinif şagirdlərinin 50-60 faizini dərnəklərə cəlb etmək lazımdır.

Buna nail olmaq üçün ilk növbədə bütün məktəbdənkənar müəssisələr üçün müasir tələblərə cavab verən binalar tikilməlidir. Çünki bu gün həmin müəssisələrin əksəriyyəti ya yardımçı, ya da icarəyə götürülmüş binalarda yerləşirlər.

Bununla yanaşı, bütün rayon və şəhərlərdə yerli dövlət orqanları şagirdlərin dərnəklərə cəlbi məsələsinə xüsusi diqqət yetirməli, müasir tələblərə cavab verən ekoloji mərkəzlər tikilməlidir. Uşaqların ekoloji təcrübə aparmasına imkan yaratmaq üçün həmin mərkəzlərin böyük sahələri olmalı, müəssisələrin ərazilərində hər zona üçün xas olan endemik bitkilərin sayı çoxaldılmalıdır. Uşaqların texniki yaradıcılıqla məşğul olmasına imkan yaratmaq üçün böyük torpaq sahələri ayrılmalıdır.

İbrahimov qeyd edib ki, şagirdlərə müxtəlif sahələr aid olan 100-dən çox dərnək təklif olunur. Onların 50-yə yaxını ekoloji sahələrə aiddir. Qalan dərnəklərdə texniki, ekoloji, turizm, şahmat, idman uşaq-bədii yaradıcılığı üzrə məşğələlər keçilir. Uşaq-gənclər idman məktəblərində şagirdlərə 27 idman növü öyrədilir. Texniki yaradıcılıq üzrə olan dərnəklər şagirdlərə gəmiqayırma, maşınqayırma, təyyarəqayırma, raketqayırma, xalçaçılıq və s. üzrə fəaliyyət göstərir.

Nazirlik rəsmisinin sözlərinə görə, dərnəklərdə şagirdlərin əyani vəsaitlərdən istifadə etməsi üçün lazımi şərait var.

Hazırda şagirdlər üçün dərnəklərin təşkili ilə yalnız Təhsil Nazirliyi deyil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Həmkarlar İttifaqı Konfederasiyasının məktəbdənkənar müəssisələri də məşğul olur.

İbrahimov hesab edir ki, uşaqların dərnəklərə olan marağının müəyyənləşdirilməsində onun valideyni və müəllimi mühüm rol oynayır.

O bildirib ki, bir şagird bir neçə dərnəkdə iştirak edə bilər. Eyni zamanda, hər hansı dərnək şagirdin marağına uyğun olmasa, onu başqası ilə əvəzləyə bilər.

"Uşaq dərnəyə gəlməyə də bilər, onu heç kim buna məcbur edə bilməz. Əsas məsələ odur ki, uşaq öz yerini, həmfikirlərini tapsın. Dərnəklərin əsas üstünlüyü odur ki, uşaq asudə vaxtını pedaqoqun nəzarəti altında keçirir", - İbrahimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti