Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Tahir Salahovun ev-muzeyi yaradılacaq.
Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, Tahir Salahovun ev-muzeyinin yaradılması ilə əlaqədar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə bir sıra tapşırıqlar verilib.
NK-nın tapşırığı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu iki ay müddətində Tahir Salahovun yaradıcılıq emalatxanasının (Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi, 55/3-cü İlyas Əfəndiyev döngəsi, 1), özünün rəsm əsərlərindən ibarət kolleksiyasının və şəxsi arxivinin ev-muzeyinə qəbulunu və saxlanılmasını təmin etsin. Bir ay müddətində isə Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Tahir Salahovun ev-muzeyinin əsasnaməsi, ştat cədvəli və saxlanılma xərcləri təsdiq edilməlidir.
Maliyyə Nazirliyi Tahir Salahovun ev-muzeyinin dövlət büdcəsindən maliyyələşdirilməsini təmin etməlidir.
Azərbaycan və Rusiya rəssamı, YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti (1997-ci ildə seçilib), Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı Tahir Salahov 1928-ci ildə Bakıda anadan olub. Salahov dəfələrlə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib.