...

Vatikan arxivlərində ilk Azərbaycan əlyazmaları kataloqu yaradılacaq

Cəmiyyət Materials 27 Yanvar 2012 10:23 (UTC +04:00)
Dünyanın ən böyük arxivlərindən olan Vatikan arxivlərində ilk dəfə olaraq, Azərbaycan əlyazmaları kataloqu yaradılacaq.
Vatikan arxivlərində ilk Azərbaycan əlyazmaları kataloqu yaradılacaq

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir İ.İsabalayeva/

Dünyanın ən böyük arxivlərindən olan Vatikan arxivlərində ilk dəfə olaraq, Azərbaycan əlyazmaları kataloqu yaradılacaq. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib.

Onun sözlərinə görə, hazırda Vatikanda Azərbaycanın qədim əlyazmaları və kitabları saxlanılsa da, orada Azərbaycan kataloqu yoxdur. Ona görə də Azərbaycan əlyazmalarını ümumi əlyazmalar arasından axtararaq tapmaq lazımdır.

"İndiyədək Vatikanda Azərbaycan əlyazması anlayışı olmayıb. Çünki Vatikanda əlyazmalar ölkələrə görə deyil, dillərə görə qruplaşdırılıb", - Ələkbərli qeyd edib.

O əlavə edib ki, hazırda Vatikanda Azərbaycan əlyazmaları 3 qrupa bölünüb. Fars dilində yazılan Azərbaycan əlyazmaları fars, ərəb dilində yazılan əlyazmalar ərəb, türk dilində yazılanlar isə türk dilli kataloqlarına daxil edilib.

"Vatikanda Azərbaycan əlyazmaları adı ilə tərtib etdiyimiz siyahıları artıq onlar Azərbaycan əlyazmaları kimi tanıyır və təsdiqləyirlər. Bu, çox mühüm hadisədir", - tədqiqatçı bildirib.

O, ümumilikdə Vatikandan Azərbaycana 500-dən çox arxiv sənədləri - məktublar, hesabatlar və s. və 60 əlyazma kitabının surətinin gətirildiyini deyib.

Xəbər lenti

Xəbər lenti