Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir M.Əliyev/
Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı təcili tibbi yardım stansiyasının işini sıradan çıxarır. Bu barədə Trend-ə şənbə günü Bakı şəhəri Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.
"Binəqədi, Yasamal, Səbail, Xətai, Suraxanı rayonlarında təcili tibbi yardım avtomobilləri hərəkət edə bilmirlər. Ötən sutka ərzində 4 təcili tibbi yardım avtomobili yollarda sürüşərək əzilib", - stansiyadan deyiblər.
Stansiyadan deyiblər ki, Badamdar, İçərişəhər, Yasamal ərazilərindən daxil olan müraciətlər üzrə getmək qeyri-mümkün olub.
Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.
Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.
Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.