...

Azərbaycan hökuməti son 20 ildə qaçqın və məcburi köçkünlərə 4,6 milyard dollar vəsait xərcləyib

Cəmiyyət Materials 7 Fevral 2012 12:51 (UTC +04:00)
Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlər üçün son 20 ildə 4,6 milyard dollar vəsait xərcləyib.
Azərbaycan hökuməti son 20 ildə qaçqın və məcburi köçkünlərə 4,6 milyard dollar vəsait xərcləyib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlər üçün son 20 ildə 4,6 milyard dollar vəsait xərcləyib. Trend-in məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov Bakıda səfərdə olan Fransa Senatının nümayəndə heyəti ilə görüşündə bildirib.

Onun sözlərinə görə, bu vəsaitin 2,7 milyard dolları dövlət büdcəsi, 1 milyard dolları Neft Fondu, 900 milyon dolları isə beynəlxalq təşkilatlar tərəfindən ayrılıb.

Komitə sədri qeyd edib ki, Dövlət Neft Fondundan ayrılan 1 milyard dollar vəsait hesabına 70 yaşayış məntəqəsi salınıb. Son 8 ildə 120 mindən artıq ailə yeni evlərə köçürülüb.

Həsənov bildirib ki, 2003-cü ildə məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faiz idisə, hazırda bu rəqəm 18 faizə düşüb. 2011-ci ildə Azərbaycan dövləti bir məcburi köçkün üçün 900 dollar vəsait xərcləyib.

"Bu göstərici dünyadakı bütün münaqişə zonalarındakı məcburi köçkünlər üçün sərf edilən ən yüksək rəqəmdir", - Həsənov əlavə edib.

Qeyd edək ki, Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, Senatda Mərkəzçi və Respublikaçı birlik siyasi qrupunun üzvü, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda səfərdədir. Nümayəndə heyətinə senatorlar xanım Silvi Qo-Şavan, Jah-Mari Bokel, Erve More, Andre Rexar və Cani Lorju daxildir.

Xəbər lenti

Xəbər lenti