...

DİN: Azərbaycanda "lotu"ların fəaliyyət göstərməsi üçün heç bir zəmin yoxdur

Cəmiyyət Materials 8 Fevral 2012 20:11 (UTC +04:00)
Azərbaycanda "qanuni oğru"ların fəaliyyət göstərməsi üçün heç bir zəmin yoxdur.
DİN: Azərbaycanda "lotu"ların fəaliyyət göstərməsi üçün heç bir zəmin yoxdur

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda "qanuni oğru"ların fəaliyyət göstərməsi üçün heç bir zəmin yoxdur. Bunu bəzi mətbuat orqanlarında Azərbaycanın cəzaçəkmə müəssisələrində "qanunda oğru"ların olmamasının qeyri-normal hal kimi qələmə verilməsi ilə bağlı Trend-in sualına cavabında çərşənbə günü Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin şöbə rəisi, polis polkovniki Qabil Rzayev deyib.

"Sovet hakimiyyətinin ilk illərində, xüsusilə Stalin rejimi dövründə həbsxanalarda olan dustaqların sayı həddindən artıq çox idi. Belə bir vəziyyətdə həbsxana daxilində qayda-qanun yaratmaq və məhbuslar üzərində nəzarəti daha da gücləndirmək məqsədi ilə bu sistem hüquq-mühafizə orqanları tərəfindən planlı şəkildə düşünülmüş və təşkil olunmuşdu. Harada ki, "qanuni oğru" var idi, orada bütün cinayətkarlar məhz onun diqtəsi ilə hərəkət edirdilər. "Obşak"lar isə "qanuni oğru"ların özləri tərəfindən yaradılmışdı. Məqsəd cinayət yolu ilə əldə olunmuş vəsaitin həm öz aralarında bölüşdürülməsi, həm də bu vəsaitdən həbsxana rəhbərliyinə rüşvət verilməsi idi", - Rzayev bildirib.

Onun sözlərinə görə, ölkəmizdə bu cür hallara qarşı daim mübarizə aparılıb. Lakin Sovet İmperiyasının sonuna yaxın Azərbaycanda da hakimiyyət boşluğu yaranmışdı. Bu boşluqdan istifadə edən cinayətkar aləm fəallaşmış və öz "oğru qanunları"nı diqtə etməyə başlamışdı.

"Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, hüquq-mühafizə sistemində də əsaslı dəyişikliklər baş verdi. 1994-cü ilin avqust ayında Heydər Əliyevin imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmandan sonra bu sahədə əsaslı dönüş yarandı", - şöbə rəisi qeyd edib.

Rzayev bildirib ki, bu gün ölkəmizdə hüquq-mühafizə orqanlarının birgə və səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, cəzaçəkmə müəssisələrində aparılan islahatlar, yenidənqurma işləri "qanuni oğru" məfhumunun mahiyyətini tamamilə yox edir.

"Hazırda "qanuni oğru"lar postsovet məkanındakı bir çox dövlətlərdə fəaliyyət göstərsələr də, Azərbaycanda bunun üçün heç bir zəmin yoxdur. Həbsxanalarda "lotu"ların olmasının "vacib olduğunu" bildirən həmin müəllifin özünün də dediyi kimi, "bizdə "lotu"lara əl-qol açmaq imkanı vermirlər. "Obşak"ların yaranmasının qarşısını alırlar", - o deyib. - Bir daha qeyd edirəm, bu ondan irəli gəlir ki, respublikamızda cinayətkarlığa qarşı sistemli və uğurlu mübarizə aparılır, hüquq-mühafizə orqanlarında, o cümlədən penitensiar sistemdə beynəlxalq standartlara uyğun əsaslı islahatlar həyata keçirilir, ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının bu sahəyə nəzarəti getdikcə güclənir".

Şöbə rəisi qeyd edib ki, bəzi mətbuat orqanlarının, yazarların oğru romantikası ilə zəngin olan "oğru həyatı"na müraciət etmələri də uzaq keçmişdə deyil. Bir müddət əvvəl Rusiyanın "NTV" telekanalında Azərbaycan yazıçısı Cəmşid Əmirovun "Qara Volqa" əsərindəki obrazlardan biri, ömrünün 30 ilini həbsxanada keçirmiş Klara Yusifzadə haqqında veriliş hazırlanmışdı.

"Onun ölkə telekanallarından birində gənclərə ünvanladığı sözləri bu gün oğru romantikası axtaran şəxslərə bir daha xatırladıram: "Oxuyun, mənim yolumla getməyin, bu yolun axırı yoxdur...", - polis polkovniki bildirib.

Xəbər lenti

Xəbər lenti