...

Azərbaycanda həbs yerlərində saxlanılanların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi qəbul olunub

Cəmiyyət Materials 14 Fevral 2012 18:00 (UTC +04:00)
Milli Məclis çərşənbə axşamı keçirdiyi iclasda "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Azərbaycanda həbs yerlərində saxlanılanların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi qəbul olunub

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/

Milli Məclis çərşənbə axşamı keçirdiyi iclasda "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən millət vəkili Çingiz Qənizadə bildirib ki, qanun layihəsində həbs yerlərində saxlanılan şəxslərin hüquqi vəziyyəti, həbs yerlərində rejim və onun təmin edilməsi əsasları müəyyən edilib.

Layihədə qeyd olunur ki, həbs yerləri silahlı birləşmələrin qarnizon hauptvaxtları, istintaq təcridxanaları hesab olunur.

Qanun layihəsində həbs yerlərində fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi şərtləri və hüdudları müəyyən olunub.

Qənizadə bildirib ki, yaxın günlərdə ATƏT-in Bakı ofisi ilə birlikdə bu qanunla bağlı ictimai dinləmələr təşkil ediləcək.

O qeyd edib ki, 50 maddədən ibarət qanun layihəsi tutulmuş və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələləri qanuniləşdirir. "Layihədə nəzərdə tutulub ki, saxlanılan şəxs saxlanılacağı yerə gələrkən dərhal ailə üzvləri və yaxınlarına telefonla məlumat verə bilər. Belə ki, layihədə bununla bağlı saxlanma yerləri rəhbərlərinin üzərinə vəzifə qoyulur. Həmçinin, saxlanılan şəxslərin hər gün bağlama ala bilməsi, onların həkim müayinəsindən keçməsi və bu prosesin aktlaşdırılması qanuniləşdirilir. Layihəyə əsasən, saxlanma haqqında məhkəmə qərarı varsa və əgər bu qərarın son günü yeni bir qərar daxil olmayıbsa, şəxs dərhal azad olunmalıdır. Şəxs azad olunmursa, ortada cinayət məsuliyyəti yaranır, yəni saxlanma yerinin rəhbəri məsuliyyətə cəlb edilir", - Qənizadə vurğulayıb.

Müzakirələr zamanı deputat Fazil Mustafa deyib ki, həbs edilən şəxs hələ cinayətkar deyil. "Bu müddət ərzində valideynləri, yaxınları vəfat edərsə, ona yas məarsimlərində iştirak etmək imkanı yaratmaq lazımdır. Bu məqamın da qanunda yer alması yaxşı olardı", - Mustafa vurğulayıb.

Millət vəkili Elmira Axundova isə bildirib ki, hər bir insanın, o cümlədən məhkumun da təhsil almaq hüququ var. "İnsan azadlıqdan məhrum edilirsə, bu, onun təhsil almaq hüququnu əlindən almamalıdır. Onlara təhsil almaq üçün imkan yaratmaq lazımdır", - o əlavə edib.

Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanası alınaraq Ədliyyə Nazirliyinə verilməlidir. O bildirib ki, dindirmə otaqlarında müvafiq təhlükəsizlik kameralarının quraşdırılması zəruridir.

Yeni qanunla əvvəlkindən fərqli olaraq, saxlanılan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək imkanı qazanacaq. Bundan başqa, yeni qanunla saxlanılan şəxs istənilən qəzetə abunə ola bilər.

Sonda çıxışlara münasibət bildirən Çingiz Qənizadə deyib ki, qanun layihəsi üzərində işlənilərkən ATƏT ilə birlikdə 25-dən çox qanun və digər beynəlxalq sənədlərin təcrübəsindən istifadə olunub.

Onun sözlərinə görə, həbs yerlərində olanların valideynlərinin dəfn mərasiminə və yaxud yaxınlarının toy mərasiminə qatılmasına icazə alması da gələcəkdə müzakirə mövzusu ola bilər, lakin burada cinayətin ağırlığı nəzərə alınmalıdır.

O bildirib ki, cəza müəssisələrində saxlanılanların normal informasiya əldə etmələri üçün qəzet və jurnallara abunəsi təmin olunur.

Xəbər lenti

Xəbər lenti