...

Azərbaycanda 12 illik təhsil sistemi ilə əlaqədar hərbi xidmətə çağırışda dəyişikliklər olacaqmı?

Cəmiyyət Materials 17 Fevral 2012 17:07 (UTC +04:00)
Azərbaycanda 12 illik orta təhsil sisteminə keçid baş tutsa, oğlanların həqiqi hərbi xidmətə çağırışı ilə bağlı müəyyən dəyişiklər edilməli və bu məsələ qanunvericiliyə uyğunlaşdırılmalıdır.
Azərbaycanda 12 illik təhsil sistemi ilə əlaqədar hərbi xidmətə çağırışda dəyişikliklər olacaqmı?

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 12 illik orta təhsil sisteminə keçid baş tutsa, oğlanların həqiqi hərbi xidmətə çağırışı ilə bağlı müəyyən dəyişikliklər edilməli və bu məsələ qanunvericiliyə uyğunlaşdırılmalıdır. Bunu cümə günü Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva deyib.

Azərbaycanda 12 illik orta təhsil sisteminə keçidi çox məqbul hal sayan Baxşəliyevanın sözlərinə görə, bu sistemə keçid üçün münasib şərait yaradılmalı, bır sıra işlər görmək lazımdır. Həmin sistemin tətbiqi üçün şagirdlərin məktəblərdə bir növbədə təhsil alması təmin edilməlidir.

"Azərbaycanda bir növbəli təhsilə keçid başa çatmaq üzrədir. On illik təhsilin də yalnız bir növbədə olması üçün şərait yaratmaq lazımdır. Bunun üçün yeni məktəblər və ya korpuslar tikilməli, müəllimlərin sayı müvafiq olmalıdır", - millət vəkili qeyd edib.

Onun fikrincə, daha vacib məsələ şagirdlər üçün tədrisin keyfiyyətini artırmaqdır.

Baxşəliyeva bildirib ki, sovet dövründə 10 illik təhsil sistemi olsa da, bu sistem həmin dövrdə dünyada qabaqcıl yerlərdən birini tuturdu və şagirdlərə çox yüksək səviyyədə təhsil verilirdi.

Komitə üzvü bu fikirdədir ki, 12 illik təhsil sisteminə keçid repetitorluğun da qarşısının alınmasına kömək edəcək.

Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə cümə günü Trend-ə deyib ki, Azərbaycanda 12 illik orta təhsil sisteminə keçidlə əlaqədar ümumi təhsilin məzmununda, strukturunda müəyyən dəyişikliklər olacaq. Bu sistemə keçid üçün xeyli təşkilati işlər görülməlidir.

Nazirlik rəsmisi bildirib ki, 12 illik orta təhsil sisteminə keçid ölkə prezidentinin təsdiq etdiyi Təhsil Komissiyası tərəfindən hazırlanmış Milli Təhsil Strategiyasında nəzərdə tutulub.

"Amma bu, hələ gələcək dövr üçün nəzərdə tutulur. Camaat belə fikirləşməsin ki, artıq gələn ildən 12 illik təhsilə keçilir", - Əhmədov qeyd edib.

O deyib ki, dünyanın çox ölkələrində ümumi təhsilin müddəti 12, bəzi ölkələrdə isə hətta bir qədər də artıq - 12 il yarım və 13 ildir. Azərbaycanda da 12 illik təhsil sisteminə keçidin əsas məqsədi dünya təcrübəsinə uyğunlaşmaqdır. 12 illik təhsil müddətinə keçid şagirdlərin sağlamlığına, onların proqram materiallarının tədris ili ərzində mənimsənilməsinin asanlaşdırılmasına kömək edəcək.

Əhmədov qeyd edib ki, hazırda qüvvədə olan "Təhsil haqqında" qanuna uyğun olaraq, Azərbaycanda orta təhsilin müddəti 11 ildir. Onun 9 ili icbari təhsildir. On iki illik təhsil sistemi olduqdan sonra isə icbari təhsil 10 illik olacaq. Sonrakı iki il tam orta təhsil səviyyəsi hesab ediləcək.

Nazirlik rəsmisinin sözlərinə görə, "Təhsil haqqında" qanunda tam orta təhsil səviyyəsində təhsilin şagirdlərin meyl və marağı, potensial imkanları nəzərə alınmaqla, təmayüllülər üzrə təşkil olunması göstərilib. Artıq nazirlik bu işi 5 pilot məktəbdə həyata keçirir. Təhsilin təmayüllülər üzrə təşkili on iki illik təhsilə keçəndə də olacaq. Siniflər təmayüllər üzrə təşkil olunduqda müəyyən fənlər üzrə tədris saatlarında dəyişiklik ediləcək. Belə ki, əgər şagird riyaziyyat və informasiya fənləri üzrə təmayüllü təhsil alırsa, orda həmin fənlərə və digər dəqiq elmlərə daha çox saat ayrılacaq.

Əhmədovun sözlərinə görə, ali təhsil almaq istəyənlər yuxarı təhsil səviyyəsində oxuyacaqlar.

"İcbari təhsil müddəti bitdikdən sonra yuxarı siniflərdə ali təhsil almaq üçün ən yaxşı potensialı olan şagirdlər oxuyacaqlar. Qalanlar isə icbari təhsil aldıqdan sonra texniki peşə məktəbləri, texnikumlarda və s. təhsil alacaqlar, işləyəcəklər. Yəni bu məsələdə hər şey insanın potensialına görə həll olunur", - Əhmədov əlavə edib.

O hesab edir ki, yuxarı təhsil pilləsində şagirdlərin meyl, marağı üzrə təhsilin təmayüllülər üzrə təşkili müəyyən mənada repetitorluğun da qarşısını alacaq.

Xəbər lenti

Xəbər lenti