...

Azərbaycanın baş psixiatrından boşanmış ailələrə tövsiyə

Cəmiyyət Materials 24 Fevral 2012 17:06 (UTC +04:00)
Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli hesab edir ki, boşanma ailələrdə uşaqların psixoloji durumuna çox pis təsir göstərdiyi üçün valideynlər ayrıldıqdan sonra bir-biriləri ilə münasibətlərini daha düzgün qurmağa çalışmalıdırlar.
Azərbaycanın baş psixiatrından boşanmış ailələrə tövsiyə

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli hesab edir ki, boşanma ailələrdə uşaqların psixoloji durumuna çox pis təsir göstərdiyi üçün valideynlər ayrıldıqdan sonra bir-biriləri ilə münasibətlərini daha düzgün qurmağa çalışmalıdırlar.

Baş psixiatr bildirib ki, ailə problemləri, atanın evə içkili gəlməsi, ailənin maddi problemləri, xüsusilə, valideynlərin boşanması uşaqlarda kəskin stress yaradır.

Gəraybəylinin fikrincə, hər iki valideyn - ata da, ana da uşaq üçün doğma və əhəmiyyətli insan olduğu üçün onların boşanması uşağa böyük zərbə olur.

Boşanmış valideynləri daha düzgün münasibət qurmağa çağıran baş psixiatr deyib ki, bəzən bir necə il bir damın altında mehriban yaşayan insanlar çox zaman boşananda öz aralarında körpü qoymurlar. Uşaq da çox zaman bunun qurbanı olur.

"Ata uşağa anasından, ana isə atasından mənfi sözlər deyir. Başa düşmürlər ki, digər tərəfin kinini, əsəbini uşaqdan çıxırlar. Onlar dərk etməlidirlər ki, ər sənin üçün pisdir, amma o, uşaq üçün sənin hesab etdiyin qədər pis deyil. Uşaq da bu mənfi emosiyaları özünə yığır. Anasının atası haqqında dediyi sözü ataya və ya atasının anası haqqında dediyi sözü anasına deyə bilmir. Bu, bəzən uşaqlarda intihar cəhdinə gətirib çıxarır", - Gəraybəyli əlavə edib.

Qeyd edək ki, ötən il Azərbaycanda 10 801 boşanma baş verib. Boşanmaların sayı 2010-cu illə müqayisədə 1901 fakt çoxdur. Boşanmaların 121-i əcnəbilərlə bağlanmış nikahlara aiddir. Ötən il əcnəbilərlə qurulan ailələr arasında boşanmaların sayında da artım müşahidə olunub.

Gəraybəyli intiharla bağlı toplanılan statistikanı da çox şərti hesab edib.

Onun sözlərinə görə, statistika toplanan zaman ölümlə nəticələnən intihar hadisələri nəzərə alınır. Realizə olunmuş intihar hadisələrinin sayı tam obyektiv rəqəm hesab edilə bilməz. Çünki bəzi hallarda insan özünə qəsd edir, amma qohumları müxtəlif adlar altında onu ört-basdır edirlər.

"Digər tərəfdən, intihar hadisələri yalnız realizə olunmuş intiharlardan ibarət deyil. O qədər insanlar var ki, intihara cəhd etmək istəyirlər, amma etmirlər. Yaxud cəhd edir, ona kömək edirlər. Toksikologiya mərkəzinə özünü intihar etmək istəyənlər xəstə kimi daxil olur. Vaxtında kömək edilməsə, belə şəxslər də özlərinə intihar edənlər sayıla bilər. Vaxtında yardım göstərilməsəydi, bu da ölümlə nəticələnəcəkdi. Bunun səbəbi isə bəlkə də realizə olunmuş intihar hadisəsindən qat-qat ciddidir. Amma onu xilas ediblər", - baş psixiatr əlavə edib.

Xəbər lenti

Xəbər lenti