...

Bakıda jurnalistika üzrə təhsil alan tələbələrlə media qurumlarının rəhbərləri görüşüb (FOTO)

Cəmiyyət Materials 1 Mart 2012 13:33 (UTC +04:00)
Bakıda jurnalistika üzrə təhsil alan tələbələrlə media qurumlarının rəhbərləri görüşüb
Bakıda jurnalistika üzrə təhsil alan tələbələrlə media qurumlarının rəhbərləri görüşüb (FOTO)

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində təhsil alan tələbələrlə media və informasiya qurumlarının rəhbərləri arasında görüş keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş nitqi ilə açan BSU-nun rektoru, professor Kamal Abdulla bildirib ki, bu görüş tələbələr üçün böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, tədbirin əsas məqsədi jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və gələcəkdə işlə təmin olunmaları üçün şərait yaratmaqdır.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli tədbirdə çıxışında deyib ki, bu silsilədən olan görüşlərin təşkil olunmasında əsas məqsəd bu sahədə çalışanlara, jurnalistika peşəsini sevənlərə dəstək verməkdir. O BSU-nun jurnalistika fakultəsinin sonuncu kursunda təhsil alan tələbələrin 5 ay müddətində müxtəlif qəzetlərdə təcrübə keçəcəyini bildirib. Səfərlinin sözlərinə görə, 5 aydan sonra həmin tələbələr özlərini doğrultsalar və ya işləri ilə redaksiya rəhbərliyini qane etsələr, həmin yerdə işə qəbul olunacaqlar.

"Bizim istəyimiz ondan ibarətdir ki, istedadlı tələbələr, həqiqətən jurnalist olmaq istəyənlərin hamısı işlə təmin edilsin", - Səfərli deyib.

Sonra görüşdə tələbələri maraqlandıran suallar media rəhbərləri tərəfindən cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti