...

Azərbaycanda atılmış, yetim, ailələrə qaytarılması mümkün olmayan uşaqlar üçün qrup evləri yaradılacaq

Cəmiyyət Materials 2 Mart 2012 13:54 (UTC +04:00)
Azərbaycanda atılmış, yetim, ailələrə qaytarılması mümkün olmayan uşaqlar üçün ailə tipli kiçik qrup evləri yaradılacaq
Azərbaycanda atılmış, yetim, ailələrə qaytarılması mümkün olmayan uşaqlar üçün qrup evləri yaradılacaq

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi hökumətə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, atılmış, imtina olunmuş və öz bioloji ailəsinə qaytarılması, həmçinin övladlığa, qəyyumluğa və himayədar (foster) ailəyə verilməsi mümkün olmayan uşaqlar üçün ailə tipli kiçik qrup evlərinin yaradılmasını təklif edib.

Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva cümə günü Trend-ə deyib ki, artıq "Ailə tipli kiçik qrup evi haqqında Nümunəvi Əsasnamə" və "Ailə tipli kiçik qrup evinin standart və qaydaları" hazırlanaraq hökumətə təqdim edilib.

Səkkiz bölmədən ibarət olan əsasnamə mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ailə tipli kiçik qrup evlərinin fəaliyyət sferasını əhatə edir. Sənəd ailə tipli kiçik qrup evinin məqsəd, vəzifə və hüquqlarını, strukturunu, idarə olunmasını, maliyyə-təsərrüfat fəaliyyətini əks etdirir.

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası məqsədilə pilot seçilmiş Xəzər rayonu ərazisində ailə tipli kiçik qrup evi inşa edilib. Bu ev Nazirlər Kabinetinin 2010-cu il 4 may tarixli sərəncamı ilə təsdiqlənmiş "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsi çərçivəsində tikilib. Ailə tipli kiçik qrup evi inventar və avadanlıqla "Hilfsverk Avstriya Beynəlxalq" təşkilatı tərəfindən təchiz olunub.

Hacıyevanın sözlərinə görə, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, atılmış, imtina olunmuş və öz bioloji ailəsinə qaytarılması, həmçinin övladlığa, qəyyumluğa və himayədar (foster) ailəyə verilməsi mümkün olmayan 10 qız uşağının yaşayacağı ailə tipli kiçik qrup evində işin təşkili üçün əsasnamənin təsdiq edilməsi zərurəti yaranıb.

İdarə rəisi qeyd edib ki, 12 bölmədən ibarət olan "Ailə tipli kiçik qrup evinin standart və qaydaları"nda isə uşağın ailə tipli kiçik qrup evinə qəbul edilməsi, uşağın qrup evini müvəqqəti tərk etməsi və oradan buraxılış qaydaları, uşağın qrup evində hüquq və vəzifələri, Fərdi Qayğı və İnkişaf Planının tərtib olunması qaydaları, qrup evinin strukturu və orada fəaliyyətin təşkili və s. məsələlər əks olunub. Hazırlanmış sənədin tətbiq edilməsi ilə ailə tipli kiçik qrup evində uşaqların sayı, saxlanması, onların layiqli vətəndaş kimi yetişməsi, həmçinin onlara göstərilən qayğının keyfiyyətinin monitorinq edilməsi mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti