Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması üçün risk qrupundan olan uşaqlar və onların ailələri ilə preventiv (qabaqlayıcı) tədbirlərin aparılması nəzərdə tutulur.
Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva bazar ertəsi Trend-ə deyib ki, risk qrupundan olan uşaqlar və onların ailələri ilə qabaqlayıcı tədbirlərin aparılmasında məqsəd onların böhran vəziyyətlərindən çıxmasına və rifahının təmin edilməsinə kömək etmək, bununla da uşaq və ailəni müdafiə etməkdir.
Hacıyevanın sözlərinə görə, artıq bu məqsədlə "Uşaq və ailələrlə sosial işin təşkili və aparılması qaydaları" hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Dörd bölmədən ibarət olan sənəd Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli, 1386 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın (2006-2015-ci illər) icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb. Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə və digər müvafiq qanunlara, o cümlədən ölkə prezidentinin müvafiq fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərar və sərəncamlarına və digər normativ hüquqi aktlara uyğun tərtib edilib.
İdarə rəisi bildirib ki, hazırda qaydalar "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" layihəsinin icrası ilə bağlı pilot seçilmiş Xəzər və Suraxanı rayonlarında yerləşən dövlət uşaq müəssisələrində uğurla sınaqdan keçirilir.