...

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 6 Mart 2012 18:16 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına martın 4-də keçirdiyi qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb.
Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına martın 4-də keçirdiyi qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə axşamı Trend-ə bildirib ki, imtahanın nəticələri TQDK-nın rəsmi saytında (www.tqdk.gov.az) yerləşdirilib.

İmtahan Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilib.

İmtahanda iştirak etmək üçün 18019 bakalavr ərizə verib. Onlardan 15825 nəfəri Azərbaycan bölməsi, 2194 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 8459 nəfəri oğlan, 9560 nəfəri qızlardır.

460 nəfər imtahana gəlməyib. İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunublar.

2 saat 30 dəqiqə davam edən imtahanda bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunub.

Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanlarının ilk mərhələsindən keçənlər II mərhələyə buraxılırlar. Növbəti mərhələ üzrə imtahan iyun ayında keçirilir.

Xəbər lenti

Xəbər lenti