...

İyunun sonunda müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə elan ediləcək

Cəmiyyət Materials 2 Aprel 2012 17:21 (UTC +04:00)
Azərbaycanda 2012-2013-cü tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu ilə əlaqədar müsabiqə barədə elan iyunun sonunda veriləcək.
İyunun sonunda müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə elan ediləcək

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2012-2013-cü tədris ili üçün orta məktəblərə müəllimlərin işə qəbulu ilə əlaqədar müsabiqə barədə elan iyunun sonunda veriləcək. Bunu Trend-ə Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov deyib.

Onun sözlərinə görə, ötən il olduğu kimi, bu il də Bakı şəhərindəki orta məktəblərə işə qəbul olmaq üçün keçirilən test imtahanlarında mümkün 35 baldan 28-ni toplayan namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar. Amma rayonlardakı məktəblərə işə qəbul olmaq istəyən namizədlərə güzəşt edilir. Rayonlarda mümkün 35 baldan 21 bal toplayan namizədlər müsabiqəyə buraxılacaq.

Pirməmmədov bildirib ki, yüksək bal toplayan namizədlər ona təklif olunan vakant yeri qəbul etmədikdə onlar ehtiyat kadr kimi saxlanılır. Test imtahanlarında 28-dən yüksək bal toplayan namizədlər il ərzində yaranmış vakant yerlərə işə qəbul oluna bilərlər.

Pirməmmədov deyib ki, hazırda nazirlik tərəfindən növbəti tədris ili üçün orta məktəblərdə yaranan vakant yerlər toplanılır.

Nazirlik rəsmisi ötən il 2000-dən çox vakant yer üzrə müsabiqənin keçirildiyini də xatırladıb.

Qeyd edək ki, ötən ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələdə keçirilir.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir.

Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçirlər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti