...

Qobustan qoruğunda baş verən geoloji dəyişikliklərlə bağlı aparılmış araşdırmaların nəticəsi açıqlanıb (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2012 10:25 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarının iştirakı ilə Kiçikdaş dağında baş vermiş struktur-denudasiya prosesləri ilə əlaqədar apardığı vizual mühəndisi-geoloji araşdırmaların nəticəsini açıqlayıb.
Qobustan qoruğunda baş verən geoloji dəyişikliklərlə bağlı aparılmış araşdırmaların nəticəsi açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarının iştirakı ilə Kiçikdaş dağında baş vermiş struktur-denudasiya prosesləri ilə əlaqədar apardığı vizual mühəndisi-geoloji araşdırmaların nəticəsini açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, struktur-arid-denudasion mənşəli Kiçikdaş antiklinal tirəsi Aşağı Kür və Abşeron-Ceyrankeçməz çökəkliklərinin tektonik təmas zonasında mövcud olan Eopleystosen-Erkən Pleystosen yaşlı inversion Ələt-Ləngəbiz tirələr sisteminin kənar şərq hissəsində-Qaradağ rayonunun Qobustan qəsəbəsindən 2 km şimal-qərbdə Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşir.

Qoruqda aparılan geoloji tədqiqatların nəticəsində məlum olub ki, iri qırışıqlıqlarla (mailliyi 45-600) və yarğanlarla əhatə olunmuş terrasvari quruluşa malik Kiçikdaş dağı ekzogen geoloji proseslərin baş verməsi nəticəsində zəif zədələnmiş sahədir və zədələnmə əmsalı 0,1-dən azdır. Dağın ətəklərində yarğan eroziyası, səthi yuyulma və az dərəcədə sürüşməni xatırladan qayma-axma prosesləri mütəmadi olaraq aktivləşir.

Müəyyən edilib ki, Kiçikdaş dağının zirvəsində- təqribən 14 hektar sahəyə malik peneplenləşmiş suayrıcının cənub-şərq hissəsi uzunluğu 150-180 m, eni 0,7-2 m, görünən dəriliyi 10-30 m olan qırılma xətti ilə mürəkkəbləşib. Stuktur-denudasiya proseslərinin təsirindən, eləcə də 2012-ci ilin yanvar-mart aylarında yağan yağıntıların təsirindən Kiçikdaş dağının tağ hissəsini təşkil edən və görünən qalınlığı 30 m-ə qədər olan əhəngdaşı layı müxtəlif ölçülü qaymalara parçalananarq yamac boyu cənub-şərq istiqamətdə hərəkət edib. Yamacın aşağı hissəsində sürüşməyə bənzər pilləli qayma axımı əmələ gətirib.

Qeyd edək ki, prosesin bu intensivliklə davam etməsi Kiçikdaş dağının aşağı yamacında yerləşən qayaüstü rəsmlər və qədim mağaralar üçün fəsadlar yaradacaq.
Bununla əlaqədar Nazirliyin əməkdaşları Qobustan Milli Tarixi-Bədii Qoruğu ərazisində aparılan araşdırmalar nəticəsində aidiyyəti qurumlara tövsiyələr verib.

Xatırladaq ki, Kiçikdaş antiklinal tirəsi Eopleystosendə baş vermiş arid-denudasiya prosesləri nəticəsində formalaşıb. Ancaq denudasiya prosesi tam başa çatmayıb və ərazidə inversiya relyef formaları yaranmayıb. Bunun nəticəsində vilayətin müasir relyefi tam tektonik quruluşu xarakterizə edir. Ərazinin mikrorelyefinin formalaşmasında struktur-denudasiya prosesləri ilə yanaşı deflyasiya, fiziki-mexaniki aşınma, temperatur dəyişkənliyi və atmosfer yağıntılarının təsiri də mühüm rol oynayıb. Kiçikdaş antiklinal tirəsinin Acıçay-Ələt tektonik qırılmalar zonası ilə mürəkkəbləşmiş geoloji quruluşunda Holosen yaşlı elüvial-delüval, Eopleystosen və Pliosen yaşlı dəniz mənşəli çöküntülər iştirak edir.

Xəbər lenti

Xəbər lenti