...

Azərbaycan və Macarıstan gənclər təşkilatlarının görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2012 12:10 (UTC +04:00)
"Mən gənc səfirəm" ASAIF Forumu çərçivəsində Macarıstan gənclər təşkilatları ilə Azərbaycan gənclər təşkilatlarının geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan və Macarıstan gənclər təşkilatlarının görüşü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

"Mən gənc səfirəm" ASAIF Forumu çərçivəsində Macarıstan gənclər təşkilatları ilə Azərbaycan gənclər təşkilatlarının geniş tərkibdə görüşü keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, görüşü giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkəmiz haqqında geniş məlumat veridi. Azərbaycanda hər bir sahədə olduğu kimi, gənclər sahəsində də gerçəkləşən önəmli layihələrdən söz açan səfir, gənclər təşkilatları üçün bu səpkili görüşlərin yeni və geniş imkanlar açdığını vurğulayıb.

"Macarıstan və Azərbaycan gənclər təşkilatlarının hər bir görüşü iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır", - səfir deyib.

Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanov hər iki ölkənin gənclər təşkilatlarını salamladıqdan sonra, görüş əsnasında fikir və təcrübə mübadilələrinin çox böyük önəm daşıdığını, qarşılıqlı görüşlərin hər zaman gənclər üçün yeni və böyük imkanlar açdığını diqqətə çatdırıb.

Azərbaycan tərəfdən bu tədbirə Gənclər və İdman Nazirliyinin nümayəndələri, "İrəli" İctimai Birliyi, Azərbayan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi, Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Azərbaycan Tələbələr Birliyi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin rəhbərləri qatılıblar. Daha sonra hər iki ölkənin gənclər təşkilatları fəaliyyətləri, həyata keçirdikləri layihələri barədə geniş şəkildə məlumat veriblər.
İki saat davam edən görüş zamanı ortaq layihələr müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri barədə danışıqlar aparılıb və qarşılıqlı təkliflər dinlənilib.

Macarıstanda fəaliyyət göstərən "Xristian demokratlar təşkilatı", sosial ailə və gənclər məsələlərinə məsul nazirliyin və digər gənclər təşkilatlarının nümayəndələri ilə gənclərin biznes imkanlarının inkişafı sahəsində gələcəkdə həyata keçiriləcək layihələrdə Azərbaycanın da tərəfdaşlıq imkanları müzakirə edilib.

Görüşün sonunda səfir Vilayət Quliyev Macarıstan universitetlərinin tələbələri arasında keçirilmiş "Mən Azərbaycan haqqında nə bilirəm" müsabiqəsinin qaliblərinin essələrinin dərc olunduğu kitabları görüş iştirakçılarına təqdim edib.

Xəbər lenti

Xəbər lenti