...

Dövlət Komitəsi: Azərbaycanda uşaq və yeniyetmələrin internet təhlükəsizliyi təmin edilməlidir

Cəmiyyət Materials 20 Aprel 2012 11:45 (UTC +04:00)
Uşaq və yeniyetmələrin internet təhlükəsizliyininin təmini üçün internet-klublarla bağlı müəyyən tövsiyə xarakterli addımların atılması çox vacibdir.
Dövlət Komitəsi: Azərbaycanda uşaq və yeniyetmələrin internet təhlükəsizliyi təmin edilməlidir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İsabalayeva/

Uşaq və yeniyetmələrin internet təhlükəsizliyininin təmini üçün internet-klublarla bağlı müəyyən tövsiyə xarakterli addımların atılması çox vacibdir. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva cümə günü "Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

O deyib ki, bu istiqamətdə hökumətə təkliflər vermək yaxşı olar.

Sofiyevanın sözlərinə görə, informasiya kommunikasiyalarının inkişafnın müsbət təsirləri ilə yanaşı, zərərləri də var.

"Bu məsələdən xüsusilə uşaqlar ziyan çəkir. Araşdırmalar göstərir ki, dünyada internetlərdən istifadə edən istifadəçilərin 50 faizi 8-15 yaşlı uşaqlardır. Onların hər 5 nəfərindən biri cinayətkarların qurbanına çevrilir", - komitə sədrinin müavini əlavə edib.

O deyib ki, Azərbaycanda da bu sahədə işlərin gücləndirilməsinə ehtiyac var.

Bu istiqamətdə onları narahat edən bəzi məsələlərin olduğunu bildirən Sofiyevanın sözlərinə görə, internet asılılığı uşaqlarda vətənpərvərlik və digər mənəvi hissləri arxa plana keçirir. Bu isə sonralar həmin uşaqların ailə məsələlərinə çox ciddi təsir göstərir.

"Buna görə də bu istiqamətdə ən vacib işlərdən biri maarifləndirmənin aparılmasıdır. Bununla bağlı müəyyən video çarxlar, çap məhsulları hazırlanmalıdır", - Sofiyeva bildirib.

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev deyib ki, bu gün uşaqlar xüsusilə yeni nəsil mobil telefonlara çox maraq göstərirlər.

"Bu gün uşaqlar mobil telefonlarda, internetdə daha çox şəxsi həyatla bağlı məlumatlara baxır, onlardan pornoqrafik materialların ötürülməsi üçün istifadə edirlər. İnternetin zərərli istifadəsində, uşaqların təhsildən yayınmasında internet-klubların da rolu var", - Quliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti