...

Bakıda sahibsiz heyvanlara sığınacaq yeri yaradılacaq

Cəmiyyət Materials 20 Aprel 2012 16:19 (UTC +04:00)
Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi sahibsiz itlər üçün poliqonun yaradılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.
Bakıda sahibsiz heyvanlara sığınacaq yeri yaradılacaq

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi sahibsiz itlər üçün poliqonun yaradılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bunu cümə günü Trend-ə idarənin rəisi Əhməd Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı Nazirlər Kabinetinin xüsusi sərəncamının olacağı gözlənilir. Sahibsiz itlər üçün ilk poliqonun Bakı şəhərindən kənarda, insan yaşamayan yerdə yaradılması nəzərdə tutulur. Bu məqsədlə Hövsan, Qumadası, Qaradağ rayonu ərazisində geniş sahə ayrıla bilər.

Poliqonun idarənin nəzdində yaradılması planlaşdırılır. Bu məqsədlə qəfəslərin alınması, idarə üçün əlavə ştatların da ayrılacağı gözlənilir.

Məmmədov deyib ki, Bakıdakı sahibsiz itlər tutulduqdan sonra poliqona gətiriləcək. Burada onlar qəfəslərdə saxlanacaq, yemlənəcək. Poliqondakı itlərin hər hansı məqsəd üçün istifadəsi hələ nəzərdə tutulmayıb. Amma sahibkarlar bu imkandan istifadə edə bilərlər.

İdarə rəisi deyib ki, poliqonun yaradılması təcrübəsi bir çox ölkələrdə var. Hazırda dövlət qurumları bu işin hansı formada həyata keçirilməsinin mümkünlüyünü araşdırırlar.

Xəbər lenti

Xəbər lenti