Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi "Eurovision 2012" mahnı müsabiqəsi zamanı turistlərə xidmət göstərəcək şirkətlərə müraciət edəcək.
Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend-ə deyib ki, şirkətlərə yalnız sertifikat almış bələdçilərlə işləmək tapşırılacaq. Bələdçiləri isə şirkətlər özləri tapmalıdırlar. Şirkətlər həmin bələdçilərlə müqavilə bağlayaraq əməkdaşlıq etməlidirlər.
"Elan olunacaq ki, şirkətlər bələdçi ilə müqavilə bağladıqda onun sertifikatının olmasına diqqət yetirsinlər. Sertifikatı olmayan şəxs bələdçi işləyə bilməz. Əgər bələdçinin sertifikatı yoxdursa, o, turistlərə düzgün məlumat verməyə də bilər", - İsmiyev əlavə edib.
O qeyd edib ki, "Eurovison"la əlaqədar hotellərdə şəhər turları, ekskursiyalar da təşkil ediləcək. Həmin tur və ekskursiyalar bələdçilərin iştirakı ilə həyata keçiriləcək.
Bələdçilərin hazırlanması və onlara sertifikatın verilməsi ilə məşğul olan Azərbaycan Turizm İnstitutundan isə Trend-ə bildirilib ki, indiyədək 24 bələdçi sertifikat ala bilib.
"Eurovision 2012" mahnı müsabiqəsinə qədər belə bələdçilərin sayının 40-a çatdırılması nəzərdə tutulur. Bələdçilərin əmək haqqı onlarla əməkdaşlıq qurmuş şirkətlər tərəfindən ödəniləcək.