...

Bakı metrosunda "Eurovision" müsabiqəsi ilə bağlı tətbiq ediləcək yeniliklər

Cəmiyyət Materials 5 May 2012 12:15 (UTC +04:00)
Bakı Metropoliteni Azərbaycan paytaxtında "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə istənilən sərnişin axınını təmin etməyə hazırdır.
Bakı metrosunda "Eurovision" müsabiqəsi ilə bağlı tətbiq ediləcək yeniliklər

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni Azərbaycan paytaxtında "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə istənilən sərnişin axınını təmin etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.

"Metropoliteninin sərnişinləri, o cümlədən turistlər əlavə məlumat almaq məqsədilə stansiyalarda quraşdırılan informasiya köşklərindən istifadə edə bilərlər. Onlar informasiyanı həm Azərbaycan, həm də rus və ingilis dillərində əldə edə bilərlər", - Əhmədov deyib.

Onun sözlərinə görə, metropolitendə bələdçilər üçün ingilis dili kursları açılıb, 50 nəfərə ingilis dili dərsi keçilib. Onlar müraciət edən əcnəbiləri ingilis dilində sərbəst şəkildə cavablandıra biləcəklər. Bakı Metropoliteni "Eurovision" müsabiqəsinə tam hazırdır.

Bakı Metropoliteni rəhbərinin sözlərinə görə, hazırda bir neçə stansiyanın, o cümlədən eyni vaxtda "Avtovağzal", "Memar Əcəmi 2" stansiyalarının tikintisi, eləcə də Köhnə Günəşli qəsəbəsində inşaat işləri aparılır. 2015-ci ilin sonunadək Yeni Günəşli qəsəbəsi istiqamətində işlərin başa çatdırılması planlaşdırılır.

"Xətai" və "Həzi Aslanov" stansiyaları arasında tikinti işləri aparacaq Ukrayna şirkəti ilə danışıqlar aparılır. Hazırda layihələndirmə işlərinə başlanılıb, artıq gələn ilin əvvəlindən tikinti işlərinə start verilə bilər", - Əhmədov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda metropolitenin yeni texniki korpusunun istimara verilməsi planlaşdırılır, burada müxtəlif bölmələr və dispetçer yerləşdiriləcək.

Bu il Bakı Metropoliteni "28 May" stansiyasının çıxışının yenidən qurulmasına başlamağı planlaşdırır. "Sərnişin axınının böyük olmasını nəzərə alaraq, burada işləyən eskalatorların sayının 3-dən 4-dək artırılması planlaşdırılır", - Əhmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti