...

Azərbaycanda elmi fəaliyyətin hansı formada stimullaşdırılacağı açıqlanıb

Cəmiyyət Materials 11 May 2012 14:04 (UTC +04:00)
Azərbaycanda yeni hazırlanan "Elm siyasəti haqqında" qanun layihəsində elmi fəaliyyətin hansı formada stimullaşdırılacağı açıqlanıb.
Azərbaycanda elmi fəaliyyətin hansı formada stimullaşdırılacağı açıqlanıb

Azərbaycan, Bakı, 11 may / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni hazırlanan "Elm siyasəti haqqında" qanun layihəsində elmi fəaliyyətin hansı formada stimullaşdırılacağı açıqlanıb. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov cümə günü Trend-ə bildirib ki, elmi fəaliyyətin stimullaşdırması maddi yardım formasında olmayacaq.

Onun sözlərinə görə, elmi fəaliyyətin stimullaşdırılması dövlət proqramları, qrantlar vasitəsilə elmi işlərin önə çəkilməsi deməkdir. Millət vəkili hesab edir ki, stimullaşdırma nəticəsində elm sahəsində həyata keçirilən proqramların və qrantların sayı artırılacaq.

Məhərrəmov bildirib ki, hazırda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsilə elmi fəaliyyətlə məşğul olanlar üçün proqram həyata keçirilir və onlara qrantlar ayrılır. Bu proqramlarda müəllimlər, gənc aspirantlar, hətta tələbələr də iştirak edir.

Ancaq komitə üzvü hesab edir ki, bütövlükdə belə proqramların miqyası genişləndirilməlidir.

Məhərrəmov Azərbaycanın qrant proqramlarının respublika çərçivəsində deyil, beynəlxalq müstəvidə qəbul olunmasını da təklif edir.

"Məsələn, bu gün Bakı Dövlət Universiteti 60-a yaxın qrant proqramı üzərində işləyir. Onun 43-ü beynəlxalq, 23-ü daxili qrant proqramıdır. Xarici dövlətlər elmi dünya müstəvisində stimullaşdırmaq üçün beynəlxalq qrantlara daha çox yer verirlər", - millət vəkili əlavə edib.

Onun sözlərinə görə, elmi fəaliyyətin stimullaşdırılması nəticəsində həm beynəlxalq, həm də ölkə daxili elmin tanınması, inkişafı baxımından qrantların ayrılmasına xüsusi diqqət yetiriləcək.

"Ancaq bu yolla elmi fəaliyyətin stimullaşdırması olar. Qrant proqramlarının sayının artması birbaşa olaraq elmi fəaliyyətlə məşğul olanların sayının da artmasına səbəb olacaq", - Məhərrəmov bildirib.

Xəbər lenti

Xəbər lenti