...

Nuşirəvan Məhərrəmli: MTRŞ kanallara izdivac verilişlərinin dayandırılması üçün qadağa qoya bilməz

Cəmiyyət Materials 17 May 2012 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Milli Televiziya və Radio Şurası (MTRŞ) sentyabr-oktyabr aylarına qədər yerli telekanallarda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı monitorinqlər aparacaq. Bunu cümə axşamı Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, monitorinqin nəticələrindən asılı olaraq, kanallara müəyyən tövsiyələr veriləcək.

Şura sədri qeyd edib ki, dövlət dilinin qorunmasına hər bir kəs, eləcə də kanallar ciddi münasibət göstərməlidirlər.

"Yəqin ki, kanallar da bu məsələləri ciddi məsələ kimi xüsusi diqqətdə saxlayırlar. Azərbaycan ədəbi dilinin qorunması hər bir vətəndaşın borcudur. Bu məsələdə ayrı-ayrı şəxslərin mənafeyindən söhbət gedə bilməz. Azərbaycanda dövlət dili ilə bağlı xüsusi qanun və komissiya, institut var. Bu məsələyə də hər bir kəs ciddi münasibət göstərməlidir", - Məhərrəmli qeyd edib.

O, telekanallara izdivac verilişlərinin verilməsini tövsiyə etmədiklərini də açıqlayıb. Şura sədri deyib ki, MTRŞ kanallara izdivac verilişlərinin dayandırılması üçün qadağa qoya bilməz.

"Biz belə verilişlərə qadağa qoymuruq. Sadəcə, bu cür verilişləri tövsiyə etmirik. Sentyabrdan bu verilişlərin qəti şəkildə dayandırılacağını deyə bilmərəm. Onlar özləri də bildiriblər ki, bu cür verilişləri yəqin ki, yeni mövsümdən dayandıracaqlar. Amma bu da hələ dəqiq deyil", - Məhərrəmli əlavə edib.

Onun fikrincə, izdivac verilişlərinə millətin milli-mənəvi dəyərləri baxımından yanaşmaq lazımdır. Belə məsələlərdə tamaşaçı itirməyi və ya maliyyə məsələlərini nəzərə almaq lazım deyil.

Məhərrəmli bildirib ki, kanallar xarici filmlərin dublyajına da böyük diqqət yetirməli və onları yarımçıq tərcümə etməməlidirlər.

"Kanallar hər halda filmləri dublyaj edirlərsə, bu işi bütöv şəkildə etməlidirlər. Hesab edirəm ki, filmlərin dublyajı yarı-yarımçıq olmalı deyil. Təbii ki, biz bunların hamısını nəzərə alırıq. Zaman-zaman kanallarla iş apararkən bununla bağlı tövsiyələrimizi veririk", - MTRŞ sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti