...

"Tullantıdan sənətə" adlı beynəlxalq sərgi davam edir (FOTO)

Cəmiyyət Materials 4 İyun 2012 15:08 (UTC +04:00)
Heydər Əliyev Fondu, "Təmiz Şəhər" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala qəsəbəsində iyunun 1-də rəsmi açılışı keçirilən "Tullantıdan sənətə" adlı beynəlxalq sərgi iyunun 10-dək davam edəcək.
"Tullantıdan sənətə" adlı beynəlxalq sərgi davam edir (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Heydər Əliyev Fondu, "Təmiz Şəhər" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala qəsəbəsində iyunun 1-də rəsmi açılışı keçirilən "Tullantıdan sənətə" adlı beynəlxalq sərgi iyunun 10-dək davam edəcək.

ASC-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu tədbirin Qala qəsəbəsində keçirilməsi heç də təsadüfi deyil. "Təmiz Şəhər" ASC artıq iki ildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihə həyata keçirir. Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyasını müasir şəkildə təşkil etməkdir.

Tullantı insan həyatının qaçılmaz bir hissəsidir - hər zaman belə olacaq. Bu səbəbdən ətraf mühitə diqqəti artırmaq və planetimizin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ etmək məqsədilə rəssamlar tullantlıları incəsənət əsərlərinin hazırlanmasında həm də ictimaiyyətin diqqətini tullantıların təsiri nəticəsində yaranan ekoloji problemlərə yönəltmə vasitəsi kimi istifadə ediblər.

Beynəlxalq sərgidə məşhur rəssamlardan Hans Şultun (Almaniya) "Tullantı layihəsi" adlı kompozisiyası, Mara Qoldvin və Maks Qassmanın (ABŞ) qəzet və politelin parçalarından hazırladığı "Xalça", Marta Yeku və Aleksandra Potekanın (Rumıniya) ev təsərrüfatında istifadəyə yararsız texnika, əşya, qab-qacaq, geyim və digər əmtəələrdən hazırladığı "Qızıl tullantı" kompozisiyası, Yan Korbesin (Almaniya) istifadə olunmuş şinlərdən hazırladığı "Yumşaq mebel" və "Motosikl" kompozisiyaları, tanınmış yerli rəssamlardan isə Rəşad Ələkbərovun plastik butulka və boruların köməyi ilə hazırladığı "Milli motivlər" adlı rəsm əsərləri, Dadaş Məmmədovun zibil qutularından istifadə edərək hazırladığı "Palitra" və digər kompozisiyalar nümayiş etdirilir.

Sərgi "Azərbaycan İncəsənət Konsulluğu" (ArtsCouncil Azerbaijan) İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilir.

Sərgidə iştirak etmək istəyənlər iyunun 10-dək hər gün saat 12:00, 15:30 və 19:00-da İçərişəhərin Qoşa Qala qapısının önündən hərəkət edən avtobuslar vasitəsilə Qala qoruğuna gedə bilərlər.

Xəbər lenti

Xəbər lenti