...

Azərbaycanda cizgi filmlərinin hazırlanması telekanallara tapşırıla bilər

Cəmiyyət Materials 4 İyul 2012 17:20 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası seriallarla bağlı məsələni müəyyən qədər yoluna qoyandan sonra telekanalların uşaq filmləri çəkməsi ilə bağlı məsələni gündəm gətirmək niyyətindədir.
Azərbaycanda cizgi filmlərinin hazırlanması telekanallara tapşırıla bilər

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Milli Televiziya və Radio Şurası seriallarla bağlı məsələni müəyyən qədər yoluna qoyandan sonra telekanalların uşaq filmləri çəkməsi ilə bağlı məsələni gündəmə gətirmək niyyətindədir. Bu barədə Trend-ə Şura sədri Nuşirəvan Məhərrəmli bildirib.

O qeyd edib ki, dövlət tərəfindən cizgi filmlərinin çəkilməsi ilə bağlı xüsusi bir vəsait ayrılarsa, bu sahədə geniş işlər görülə bilər.

"Uşaqlarla bağlı verilişlərin azlığı və verilişlərin xaricdən gətirilərək yerli telekanallarda göstərilməsi bizi çox narahat edir", - Şura sədri deyib.

Onun sözlərinə görə, kifayət qədər cizgi filmləri çəkildikdən sonra uşaq telekanalının açılmasından danışmaq olar.

"Bunun üçün əvvəlcə müəyyən hazırlıq işləri görülməlidir. Uşaqlarla bağlı cizgi filmləri çəkilməli, verilişlər hazırlanmalıdır ki, sabah hansısa uşaq telekanalı açılarsa, onun efirini doldurmaq imkanımız olsun. Bu olmasa, telekanalı açmaq doğru deyil", - o deyib.

Məhərrəmli eyni zamanda qeyd edib ki, sahə xarakterli telekanallar Rusiya, Türkiyə, ABŞ və Fransa kimi böyük auditoriyası olan ölkələr üçün xarakterikdir.

"Cəmi 9 milyon əhalisi olan Azərbaycan üçün sahə xarakterli telekanallar kommersiya baxımından özünü doğrultmur. Lakin dövlət buna dəstək verəcəksə, mədəniyyət, idmanla bağlı olduğu kimi, vəsait ayrılarsa, MTRŞ bu işi çox böyük həvəslə edər", - o deyib.

Xəbər lenti

Xəbər lenti