...

Bakıda içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 80-dək fakt aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 5 İyul 2012 17:01 (UTC +04:00)
"Azərsu" ASC-nin Kommersiya və Daxili Nəzarət departamentlərinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində iyun ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 80-ə qədər fakt aşkarlanıb.
Bakıda içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 80-dək fakt aşkarlanıb (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

"Azərsu" ASC-nin Kommersiya və Daxili Nəzarət departamentlərinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində iyun ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 80-ə qədər fakt aşkarlanıb.

ASC-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və kimyəvi təmizləmə məntəqələrində rast gəlinir.

Son vaxtlar qeyri-əhali qrupu üzrə smart-kart tipli sayğacların quraşdırılması belə halların aşkarlanmasını daha da asanlaşdırır. Həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 92 ünvanında fəaliyyət göstərən "Nostalji" avtoyuma obyektində sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki, təqribən 1 ay əvvəl "Alfasu" smart-kart sayğacı ilə təmin olunmuş obyekt ötən müddətdə heç bir ödəniş aparılmadan fəaliyyət göstərib. Obyektin su təchizatı sisteminə baxış keçirilərkən su xəttinə qeyri-qanuni qoşulma faktı aşkarlanıb. Məlum olub ki, obyekt 100 mm diametrli çirkab su xəttinin içi ilə çəkilmiş 20 mm diametrli su xətti ilə qidalanır.

Bununla əlaqədar olaraq, obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb. "Nostalji" avtoyuma müəssisəsinin içməli sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "Azərsu" ASC-yə dəymiş zərər qiymətləndirilərək abunəçi cərimə olunacaq.

"Azərsu" ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla cərimələnəcək.

Xəbər lenti

Xəbər lenti