...

Bu il ali məktəblərin magistratura üzrə qəbul planı 83 faiz dolub

Cəmiyyət Materials 13 İyul 2012 13:49 (UTC +04:00)
2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə qəbul planı 83,34 faiz dolub.
Bu il ali məktəblərin magistratura üzrə qəbul planı 83 faiz dolub

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/

2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə qəbul planı 83,34 faiz dolub.

Trend-in məlumatıma görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Namiq Babayev cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, bu il 6021 ayrılmış plan yerinə 18019 bakalavr ərizə verib. Onlardan yalnız hər iki mərhələ üzrə müvafiq müsabiqə şərtini ödəyən 5018 bakalavr ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Onların 4427 nəfəri Azərbaycan, 591 nəfəri rus bölməsi üzrə magistraturaya daxil olub. Azərbaycan bölməsi üçün ayrılmış 5394 yerlik qəbul planı 82,07 faiz, rus bölməsi üçün ayrılmış 627 nəfərlik qəbul planı isə 94,26 faiz yerinə yetirilib.

Babayev deyib ki, ali təhsil müəssisələrinin magistraturalarına ən az qəbul faizi Azərbaycan Dəniz Akademiyasında (21,88 faiz), Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında (44,94 faiz) və Qərb Universitetində (48,81 faiz) müşahidə olunub.

Komissiyanın sədr müavininin sözlərinə görə, magistraturaya qəbul olanlar tələb olunan sənədləri bu gün saat 17:00-dək daxil olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Təhsil alma forması "əyani" və "qiyabi" olan ixtisaslara qəbul olan bakalavrlar qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən öz arzuları ilə əyani və ya qiyabi təhsil alma formasını seçə bilərlər.

Babayev bu il ümumilikdə 29 ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbulun aparıldığını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti